Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
23.11.2021 / Xəbərlər

İmişlidə “Uşaqların mənəvi inkişafı: nəyi necə etməli?” mövzusunda maarifləndirici tədbir keçirilib

Noyabrın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi,  Saatlı rayon icra hakimiyyəti, Rayon Təhsil şöbəsi  və  “Saatlı  Gənclər Evi” sosial xidmət müəssisəsinin  birgə təşkilatçılığı ilə Saatlı şəhər S.Vurğun adına 1 nömrəli tam orta məktəbində Uşaq hüquqları aylığı çərçivəsində “Uşaqların mənəvi inkişafı: nəyi necə etməli?” mövzusunda  maarifləndirici  tədbir keçirilib.

Karantin rejiminin qaydalarına əməl etməklə keçirilən  tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı  Elvin İbrahimov, Saatlı Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi  Mehriban Ağayeva,  “Saatlı Gənclər Evi" sosial xidmət müəssisəsinin əməkdaşı Anar Səfərxanlı,   Saatlı şəhər  S.Vurğun adına 1 nömrəli tam orta  məktəbin  şagirdləri və müəllimləri  iştirak ediblər.

Çıxış edənlər İnsan Hüquqları üzrə Müvəkkilin təşəbbüsü ilə ənənəvi olaraq 20 oktyabr - 20 noyabr tarixlərində BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində respublikamızda “Uşaq Hüquqları aylığı” elan edildiyini, aylığın keçirilməsində məqsədin uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının qorunması olduğunu, ölkəmizdə sosial sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən birinin uşaqların hüquqlarının təmin edilməsi, uşaq problemlərinin ardıcıl həlli olduğunu bildirdilər.

Eyni zamanda vurğulanıb ki, dövlətimiz cəmiyyətin gələcəyi olan uşaqların hüquqlarının qorunmasına xüsusi əhəmiyyət verir, uşaq hüquqlarının müdafiəsinə, uşaqların normal formalaşmasına, sağlam böyüməsinə yönələn bir çox proqramlar qəbul edilir və  onların həyata keçirilməsi üçün tədbirlər planı müəyyənləşdirilir.