Noyabrın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi, Saatlı rayon icra hakimiyyəti, Rayon Təhsil şöbəsi və “Saatlı Gənclər Evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə Saatlı şəhər S.Vurğun adına 1 nömrəli tam orta məktəbində Uşaq hüquqları aylığı çərçivəsində “Uşaqların mənəvi inkişafı: nəyi necə etməli?” mövzusunda maarifləndirici tədbir keçirilib.
Karantin rejiminin qaydalarına əməl etməklə keçirilən tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, Saatlı Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Mehriban Ağayeva, “Saatlı Gənclər Evi" sosial xidmət müəssisəsinin əməkdaşı Anar Səfərxanlı, Saatlı şəhər S.Vurğun adına 1 nömrəli tam orta məktəbin şagirdləri və müəllimləri iştirak ediblər.
Çıxış edənlər İnsan Hüquqları üzrə Müvəkkilin təşəbbüsü ilə ənənəvi olaraq 20 oktyabr - 20 noyabr tarixlərində BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində respublikamızda “Uşaq Hüquqları aylığı” elan edildiyini, aylığın keçirilməsində məqsədin uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının qorunması olduğunu, ölkəmizdə sosial sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən birinin uşaqların hüquqlarının təmin edilməsi, uşaq problemlərinin ardıcıl həlli olduğunu bildirdilər.
Eyni zamanda vurğulanıb ki, dövlətimiz cəmiyyətin gələcəyi olan uşaqların hüquqlarının qorunmasına xüsusi əhəmiyyət verir, uşaq hüquqlarının müdafiəsinə, uşaqların normal formalaşmasına, sağlam böyüməsinə yönələn bir çox proqramlar qəbul edilir və onların həyata keçirilməsi üçün tədbirlər planı müəyyənləşdirilir.