Zərərli vərdişlərlə mübarizəyə həsr olunmuş maarifləndirmə tədbiri keçirilib
Oktyabrın 16-da Qax rayon Tasmalı kənd tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsi, Qax Rayon Polis Şöbəsi (RPŞ), və Qax Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə zərərli vərdişlərlə mübarizəyə həsr olunmuş maarifləndirmə tədbiri keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Tərlan Nəzərov, Qax RPŞ-nin İctimai təhlükəsizlik bölməsinin rəisi Əkbər İbrahimov və şöbənin digər əməkdaşları, Tasmalı kənd tam orta məktəbinin müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.
Şagirdlərə “ağ ölüm” ilə bağlı qısametrajlı film nümayiş etdirilib. Qax RPŞ-nın yetkinlik yaşına çatmayanlarla profilaktik işin inspektoru Alim Bayramov narkomaniyanın zərərli vərdiş kimi insan sağlamlığı üçün çox ciddi təhdid olduğunu bildirib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Tərlan Nəzərov dini radikalizmin də narkomaniya kimi son dərəcə təhlükəli olmasından, dini radikalizm və dini ekstremizmi doğuran səbəblərdən və onlarla mübarizə üsullarından danışıb.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.