24.06.2017
Zərdabda “Zərərli vərdişlərə qarşı mübarizə gələcəyimizin sağlam təminatıdır” mövzusunda maarifləndirici tədbir keçirilib
İyunun 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin və Zərdab rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının Zərdab rayon təşkilatının inzibati binasında “Zərərli vərdişlərə qarşı mübarizə gələcəyimizin sağlam təminatıdır” mövzusunda maarifləndirici tədbir keçirilib.
“26 iyun – Narkomanlıq əleyhinə Ümumdünya mübarizə günü” münasibəti ilə təşkil olunan tədbiri giriş sözü ilə açan Zərdab rayon Gənclər və İdman idarəsinin rəisi İlkin Əliyev, narkomaniya ilə mübarizə sahəsində həyata keçirilən tədbirlərdən bəhs edərək cəmiyyətdə "Ağ ölüm" kimi tanınan narkomaniya bəlasının insan həyatında sağalmaz fəsadlar yaratdığını, sağlamlığı məhv etdiyini diqqətə çatdırıb.
Mövzu ilə bağlı tədbirdə çıxış edən Zərdab rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin rəisi, polis mayoru Azər Ələsgərov, DQİDK -nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov, Əlvənd kənd tam orta məktəbinin direktoru Elvin Xəlilov, Mərkəzi rayon Xəstəxanasının həkimi Şəfəq Bayramova, Əlibəyli kənd tam orta məktəbinin müəllimi Aydəniz Talıblı və Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı Ələkbər Kərimov müasir dövrümüzdə cəmiyyəti düşündürən və narahat edən, həmçinin, bəşəriyyətin ciddi bəlasına çevrilən narkomaniya ilə mübarizədə gənclər arasında keçirilən bu cür maarifləndirici tədbirlərin əhəmiyyətini vurğuluyaraq, sağlam gələcək naminə belə mənfi halların aradan qaldırılmasında cəmiyyətin bütün qüvvələrinin birləşməli olduğunu və birgə mübarizə aparmalı olduğunu qeyd ediblər.
Sonda “Narkomaniya cəmiyyətin bəlasıdır” adlı video-çarx nümayiş olunub, həmçinin, iştirakçılara maarifləndirici bukletlər paylanılıb.


.jpg)

