Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
02.02.2018

Zərdabda “Vətənpərvərliyin formalaşmasında milli-mənəvi dəyərlərimizin rolu” adlı maarifləndirici tədbir keçirilib

Fevralın 2-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi və Zərdab rayonu Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) birgə təşkilatçılığı ilə “Vətənpərvərliyin formalaşmasında milli-mənəvi dəyərlərimizin rolu” mövzusunda dəyirmi masa təşkil olunub.
Dəyirmi masada Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Nailə Əliyeva və əməkdaşları, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov, aktiv fəaliyyəti ilə seçilən gənclər, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Zərdab MKS-nin direktoru Nailə Əliyeva qeyd edib ki, vətənpərvərlik və tarixinə bağlılıq kimi milli-mənəvi dəyərlərə sahib olan xalqımızın böyük qəhrəmanlıq salnaməsi var. Bu dəyərlərimizi öyrənməklə və öyrətməklə, təbliğ etməklə daha güclü özünüdərkə sahib ola bilərik.        
Daha sonra tədbirdə çıxış edən DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov öz çıxışında tarixi nailiyyətlərimizdən, qələbələrimizdən bəhs edərək dini inanclı insanların xalqımızı tarixi uğurlara aparan yolda mötəbər rolunu, xidmətlərini geniş şərh edib. Natiq qeyd edib ki, Azərbaycan dövlətinin gənc nəslin tərbiyəsi və inkişafı ilə bağlı fəaliyyəti həmişə xüsusi xarakter daşıyıb.
Daha sonra “Şəhadət” sənədli filmi nümayiş etdirilib.  
Sonda diskussiya təşkil olunub və iştirakçıları maraqlandıran suallar cabablandırılıb.