25.05.2017
Zərdabda Ramazan ayının başlanması münasibətilə tədbir keçirilib
Mayın 25-də Zərdab Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə rayon İcra Hakimiyyətində Ramazan ayının başlanması münasibətilə dindarlarla görüş keçirilib.
Görüşdə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev və şöbənin əməkdaşları, RİH başçısının müavinləri və əməkdaşları, rayonda fəaliyyət göstərən dini icmaların sədrləri, din xadimləri, ziyalılar, yerli icra və bələdiyyə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Görüşü giriş sözü ilə açan Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev Ramazan ayının başlanması münasibətilə dindarları təbrik edib və qarşıda duran vəzifələrdən danışıb. İcra başçısı ölkəmizdə mövcud olan dövlət-din münasibətlərindən, bu istiqamətdə Ümummilli Lider Heydər Əliyevin göstərdiyi müstəsna xidmətlərdən, hazırda ölkə Prezidenti cənab İlham Əliyevin bu siyasəti davam etdirərək milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması üçün həyata keçirdiyi işlərdən bəhs edib.
DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev görüşdə çıxış edərək ölkəmizdə milli-mənəvi dəyərlərin təbliği və düzgün dini maarifləndirmə istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətindən bəhs edib. Alovlanan dünyada sabitlik adası olan Azərbaycanın multikulturalizm sahəsində olduğu kimi, İslam həmrəyliyi istiqamətində də öz örnəyini təqdim etdiyini qeyd edib.
Görüşdə çıxış edən dindarlar ölkəmizdə bu sahədə görülən işlərə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
Daha sonra iştirakçıların təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.