Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
25.10.2017

Zərdabda maarifləndirici tədbir keçirilib

Oktyabrın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Zərdab rayonu Xanməmmədli kənd məscidi dini icması tərəfindən “İslam həmrəyliyi-müsəlman dünyasının xilası” layihəsi çərçivəsində “İslam həmrəyliyinin qarşısında duran maneələr” mövzusunda ilk maarifləndirici tədbir keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Murad Həsənov, DQİDK-nın Dinşünaslıq ekspertizası şöbəsinin müdir müavini Cahandar Əlifzadə, Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev və şöbənin əməkdaşı Sədi Hüseynov, Xanməmmədli kənd məscidi dini icmasının sədri Səmid Cavadov, dini icma üzvləri, təhsil və mədəniyyət işçiləri, aktiv fəaliyyəti ilə seçilən gənclər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açıq elan edən Zərdab RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Murad Həsənov qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi mühüm tarixi əhəmiyyət daşımaqla bərabər İslam ölkələri arasında ziddiyyətlərin aradan qaldırılmasına, radikalizmə qarşı mübarizənin gücləndirilməsinə və həmrəyliyin formalaşdırılmasına yönələn son dərəcə müdrik və səmimi təşəbbüsdür.
 DQİDK-nın Dinşünaslıq ekspertizası şöbəsinin müdir müavini Cahandar Əlifzadə mövzu ilə bağlı çıxışında vurğulayıb ki, təhsil və maarifçilik mövhumat və cəhalət probleminin çıxış yoludur. Məhz təhsil, dərin elmi dərketmə, əsl maarifçilik İslam həmrəyliyinin qarşısında duran əsas maneələrdən olan fanatizm və mövhumatı gerçək İslam dəyərlərindən əsaslı şəkildə fərqləndirməyin mahiyyətini ortaya qoyub dini baxışlar haqqında obyektiv qənaətləri cəmiyyətə çatdıra bilər.
Daha sonra Zərdab rayonu Xanməmmədli kənd məscidi dini icmasının sədri Səmid Cavadov, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, şöbənin əməkdaşı Sədi Hüseynov, Zərdab şəhər MKS-nin müdiri Nailə Əliyevanın çıxışları dinlənilib. Çıxış edən natiqlər təfriqə və xürafatın aradan qaldırılması istiqamətində də İslam həmrəyliyi təşəbbüsünün önəmli rol oynayacağına əminliklərini qeyd ediblər.
Tədbirin yekununda dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.