18.05.2018
Zərdabda keçirilən ikigünlük seminar-treninq öz işini davam etdirib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Zərdab Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Zərdabda “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda keçirilən ikigünlük seminar-treninq bu gün öz işini davam etdirib.
Rayonun aktiv gənclərinin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi seminar-treninqin ikinci gününü giriş sözü ilə açan RİH başçısının müavini Ramo Hacıyev İslam dəyərlərinin öyrənilməsinin və düzgün təbliğ olunmasının, bu sahədə maarifləndirmə işinin təşkilinin daha da gücləndirilməsinin zəruriliyini vurğulayıb. Natiq, eyni zamanda İslamın tarixi və milli-mənəvi dəyərlərimizdə yeri barədə ətraflı məlumat verib.
Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov dövlət-din münasibətlərindən danışaraq qeyd edib ki, respublikamız müstəqilliyini bərpa etdikdən sonra xalqımızın öz milli-mənəvi dəyərlərinə qayıdışı sürətlənib. Bu istiqamətdə Ulu Öndərimiz Heydər Əliyevin müstəsna xidmətləri olub. Hazırda Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərimizin qorunması və təbliği istiqamətində həyata keçirdiyi tədbirlərdən bəhs edən G. İsmayılov mənəvi dəyərlərin qorunmasını və inkişafını, habelə bu sahəyə dövlət dəstəyinin gücləndirilməsini təmin etmək məqsədi ilə dövlət başçısının Sərəncamı əsasında Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması barədə danışıb.
Sədr müavini, eyni zamanda müasir cəmiyyətdə dini dəyərlərin düzgün təbliğinin əhəmiyyətini yüksək qiymətləndirərək qeyd edib ki, gənclərə İslam dini doğru şəkildə çatdırılmalıdır. G.İsmayılov vurğulayıb ki, bu baxımdan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını təmin etmək üçün yaradılan Azərbaycan İlahiyyat İnstitutunda hazırlanacaq kadrlar mühüm rol oynayacaq.
Daha sonra çıxış edən DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov və Zərdab Rayon Gənclər və İdman İdarəsinin rəisi İlqar Əliyev bildiriblər ki, dünyaya multikulturalizmin nümunəsi kimi təqdim olunan Azərbaycan modeli dinlərarası dialoqun və mədəni əlaqələrin inkişafına öz töhfəsini verməkdədir.
İkigünlük seminar-treninq iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə başa çatıb.