Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
15.12.2016

Zərdabda “Dini radikalizm və onun cəmiyyət üçün təhlükələri” layihəsi uğurla icra olunur

Dekabrın 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Zərdab rayonu Allahqulubağı kənd məscidi dini icması tərəfindən “Dini radikalizm və onun cəmiyyət üçün təhlükələri” layihəsi çərçivəsində “Dini radikalizmin qarşısının alınmasında ənənəvi İslam dəyərlərinin rolu” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.
Zərdab rayonu Əlibəyli kənd R.Rza adına tam orta məktəbdə keçirilmiş tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev və şöbənin əməkdaşı Sədi Hüseynov, Zərdab RİH-in Allahqulubağı və Əlibəyli kəndləri üzrə İcra nümayəndəliyinin əməkdaşı Elşən Səfərəliyev, Allahqulubağı kənd məscidi dini icmasının sədri Zakir Məmmədov, məktəbin direktoru Kəmalə Əliyeva, eləcə də məktəbin müəllim və şagird heyəti iştirak ediblər.
Mövzu ilə bağlı çıxış edən DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev dünyada İslam dinini radikalizmə sürükləmək meyillərinin artdığı bir zamanda milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan, o cümlədən ölkə əhalisinin əksəriyyətinin etiqad etdiyi İslam dininin ənənəvi dəyərlərinin və mədəniyyətinin təbliğ edilməsinin prioritet məsələlərdən biri olduğunu qeyd edib.
Tədbirdə çıxış edən digər natiqlər məruzələrində dini radikalizmlə mübarizənin əhəmiyyətindən, gənc nəsillərə multikultural və tolerantlıq dəyərlərinin aşılanmasından, milli-mənəvi dəyərlərimizə hörmətlə yanaşılmasından bəhs ediblər.
Sonda tədbir iştirakçılarına maarifləndirici ədəbiyyatlar paylanılıb.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama uyğun olaraq keçirilib.