07.12.2016
Zərdabda dini maarifləndirmə tədbirləri davam etdirilir
Dekabrın 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Zərdab rayonu Allahqulubağı kənd məscidi dini icması tərəfindən “Dini radikalizm və onun cəmiyyət üçün təhlükələri” layihəsi çərçivəsində “İslamda mötədillik” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.
Zərdab rayonu İsaqbağı kənd məscidində keçirilmiş tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev və şöbənin əməkdaşı Sədi Hüseynov, Allahqulubağı və İsaqbağı kənd məscidlərinin dini icmalarının sədrləri, din xadimləri, dini icmanın üzvləri və dindarlar iştirak ediblər.
DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev əsas vəzifəsi həm fərdə, həm də cəmiyyətə mənəvi rahatlıq vermək olan dinlərdən bəzən insanları öldürmək və mallarını qəsb etmək üçün bir alət kimi istifadə olunduğunu deyib. İslam Peyğəmbərinin qeyri-müsəlmanlara dini və hüquqi muxtariyyət verərək mədəni kimliklərini qorumalarına icazə verdiyini, dini-mədəni qrupların bir yerdə yaşaya biləcəyinin ən gözəl nümunəsini göstərərək bu davranışı ilə tolerantlığın inkişafına öncüllük etdiyini diqqətə çatdırıb.
Tədbirdə çıxış edən digər natiqlər dini radikalizmlə mübarizənin əhəmiyyətindən, gənc nəsillərə multikultural və tolerantlıq dəyərlərinin aşılanmasından, milli-mənəvi dəyərlərimizə hörmətlə yanaşılması və İslamda Vətən sevgisindən söz açıblar.
İştirakçılar bu kimi tədbirlərin dini maarifləndirmə sahəsindəki əhəmiyyətini yüksək qiymətləndirərək təşkilatçılara öz minnətdarlıqlarını bildiriblər. Sonda maarifləndirici ədəbiyyatlar paylanılıb.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama uyğun olaraq keçirilib.
.jpg)





