Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
30.12.2016

Zərdabda dini maarifləndirmə tədbiri keçirilib

Dekabrın 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Zərdab rayonu Allahqulubağı kənd məscidi dini icması tərəfindən “Dini radikalizm və onun cəmiyyət üçün təhlükələri” layihəsi çərçivəsində “Azərbaycan tolerantlıq mühiti dünyaya nümunə kimi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Təhlil və proqnozlaşdırma şöbəsinin əməkdaşı Tamerlan Əhmədli, Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev və şöbənin əməkdaşı Sədi Hüseynov, Zərdab rayonu Allahqulubağı kənd məscidi dini icmasının sədri Zakir Məmmədov, icma  üzvləri, kənd ağsaqqalları və ziyalılar iştirak ediblər.
Mövzu ilə bağlı çıxış edən DQİDK-nın Təhlil və proqnozlaşdırma şöbəsinin əməkdaşı Tamerlan Əhmədli ölkə başçısı cənab İlham Əliyevin Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanılması məqsədilə 2016-cı ili “Multikulturalizm ili” elan etməsini qeyd edərək son dövrlər bu sahədə görülən işlərdən danışıb. O, Azərbaycanın tolerantlıq və multikulturalizm modellərinin dünyaya uğurla təqdim olunduğunu və dini tolerantlığın həyat tərzinə çevrildiyi ölkəmizdə müxtəlif dinlərin nümayəndələrinin qarşılıqlı hörmət şəraitində yaşamasının tarixi ənənələrin və məqsədyönlü dövlət siyasətinin göstəricisi olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Çıxışlarda gənclər arasında dini maarifləndirmə işinin aparılmasının zəruriliyindən danışılıb. Milli-mənəvi dəyərlərimiz və gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsi, xüsusilə də milli-mənəvi dəyərlərimizə sahib çıxmağın hər kəsin vətəndaşlıq borcu olduğu xüsusi qeyd edilib.
Sonda tədbir iştirakçıları bu cür tədbirlərin dini maarifləndirmə sahəsindəki əhəmiyyətini yüksək qiymətləndirərək təşkilatçılara öz minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama uyğun olaraq keçirilib.