19.01.2018
Zərdabda 20 Yanvar faciəsinin şəhidləri anılıb
Yanvarın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsi və Zərdab rayonu Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş “Torpağı vətənə çevirənlər” mövzusunda tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə faciə qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə çıxış edən DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov, Uşaq və Ailələrə Dəstək Mərkəzinin müdiri Ləman Səfərəliyeva və Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova öz çıxışlarında qeyd ediblər ki, 20 Yanvar hadisəsi ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda aparılan mübarizə tarixinə əbədi qəhrəmanlıq salnaməsi kimi daxil olub. Azərbaycan xalqı 1990-cı il yanvarın 20-də hərbi, siyasi və mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirib. Natiqlər günahsız insanların qətli ilə nəticələnən bu faciəyə ilk dəfə siyasi-hüquqi qiymətin Ulu Öndər Heydər Əliyev tərəfindən verildiyini vurğulayıblar.
Daha sonra DQİDK-nın sifarişi ilə çəkilən Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinə həsr olunmuş “Şəhadət” sənədli filmi nümayiş olunub və iştirakçıları maraqlandıran suallarla bağlı müzakirələr aparılıb.
.jpg)
