Zərdab rayonunda maarifləndirmə tədbiri keçirilib
İyulun 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi və Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) birgə təşkilatçılığı ilə “Zərərli vərdişlər, narkomaniya və erkən nikah” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə MKS-nin direktoru Nailə Əliyeva, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov, Zərdab Rayon İcra Hakimiyyəti başçısı Aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının məsləhətçi-psixoloqu Zamil Əliyev, Uşaq və Ailələrə Dəstək Mərkəzinin müdiri Ləman Səfərəliyeva, gənclər və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən natiqlər bildiriblər ki, zərərli vərdişlər, narkomaniya və erkən nikah kimi problemlər cəmiyyətin mənəvi və əxlaqi dəyərlərini sarsıdan, həmçinin insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan amillərdən hesab edilir. Son illər ölkə miqyasında bu kimi problemlərə qarşı maarifləndirici mübarizə tədbirləri geniş miqyas alıb, bu istiqamətdə daha ciddi addımlar atılır. Bu tədbirlər yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği işini daha da yaxşılaşdırmaq, zərərli vərdişlər və narkomaniyanın fəsadları haqqında düzgün təsəvvürlər formalaşdırmaq və eyni zamanda erkən nikahın yaratdığı problemlər barədə daha geniş məlumatlandırmaq məqsədi daşıyır.
Tədbirin sonunda diskussiya təşkil olunub, qarşılıqlı fikir mübadiləsi aparılıb.

