20.02.2018
Zaqatalada “Vətənpərvər Azərbaycan gəncliyi” mövzusunda tədbiri keçirilib
Fevralın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi və Zaqatala Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə rayonun Paşan kənd tam orta məktəbində “Vətənpərvər Azərbaycan gəncliyi” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Zaqatala rayonu Paşan kənd tam orta məktəbinin direktoru Elnarə Məmmədova tədbiri giriş sözü ilə açaraq qeyd edib ki, Azərbaycan gəncliyinin milli-mənəvi dəyərlər üzərində və vətənpərvərlik ruhunda tərbiyə edilməsi, gənclərin xalqımızın adət-ənənələrinə hörmətlə yanaşması uğurlu gələcəyimizin zəmanətidir.
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən İlqar Vəliyev çıxışında milli-mənəvi dəyərlərin qorunub saxlanılmasının vacibliyini vurğulayıb. O, dini radikalizm və dini ekstremizmin törətdiyi fəsadlarından bəhs edərək, Vətən sevgisinin hər bir hissdən yüksək olduğunu deyib.
Tədbirdə iştirak edən Zaqatala rayon prokurorunun köməkçisi Toğrul Hüseynzadə dini ekstremizmi yaradan səbəblərdən danışıb, insanları bu yola sürüklüyənlərə qarşı qanunvericilikdə nəzərdə tutulan tədbirlər haqqında məlumat verib.
Rayon Təhsil Şöbəsinin nümayəndəsi Günəş Əsgərova və digərləri mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Daha sonra DQİDK-nın sifarişi ilə çəkilən “Şəhadət” sənədli filmi nümayiş olunub.