Zaqatalada “Tolerantlığın ünvanı -Azərbaycan!” mövzusunda onlayn konfrans keçirilib
Sentyabr 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “Tolerantlığın ünvanı -Azərbaycan!” mövzusunda onlayn konfrans keçirilib. Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev və əməkdaşları, Qax RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Nəzir Nəsirov, Balakən RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Fariz Nəcəfov, Zaqatala rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Nailə Hacıyeva, YAP Balakən rayon təşkilatı Gənclər birliyinin sədri Nurlan Şibliyev, Zaqatala rayon N.Gəncəvi adına Mərkəzi Kitabxana Sisteminin müdiri Gülnigar Məmmədova, Qax rayon C.Cabbarlı adına Mərkəzi Kitabxana Sisteminin müdiri Güllü Əhmədova, Balakən rayon Mərkəzi Kitabxana Sisteminin müdiri Məryəm Tağıyeva, Zaqatala rayon qazısı Malik Bilalov, Balakən rayon qazısı İbrahim İbrahimov, Qafqaz Müsəlmanları İdarəsinin Qax rayonu üzrə səlahiyyətli nümayəndəsi Hacı Əsgərov, Qax rayonu Qaxingiloy kəndi “Müqəddəs Giorgi” kilsəsi dini icmasının sədri İaqo Kasiaşvili və bölgədə fəaliyyət göstərən digər dini icma sədrləri iştirak ediblər.
Çıxışlar zamanı Azərbaycanda əsrlərdən bəri yaşayan və qədim, sarsılmaz tarixə söykənərək xalqımızın həyat tərzinə çevrilən mövcud zəngin tolerant dəyərlərdən danışılaraq qeyd edilib ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda tarix boyu mövcud olmuş tolerant mühitin formalaşmasına göstərilən diqqət və qayğı daha da artıb. Bildirilib ki, Azərbaycan əhalisinin 96 faizini müsəlmanların təşkil etməsinə baxmayaraq, bu gün ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uzaqgörən, məqsədyönlü və ardıcıl siyasət nəticəsində respublikamızda bütün dinlərin nümayəndələri - müsəlmanlar, xristianlar, yəhudilər sülh, qardaşlıq və qarşılıqlı hörmət şəraitində yaşayırlar.
Həmçinin ölkəmizdəki bütün dini konfessiyaların nümayəndələrinin hüquqlarının qorunması sahəsində dövlətimiz tərəfindən çox ciddi və mühüm işlərin görüldüyü haqqında məlumat verilib. Vurğulanıb ki, dövlətimiz tərəfindən aparılan uğurlu siyasətin göstəricisidir ki, ölkəmiz ərazisində fəaliyyət göstərən müsəlman və qeyri-müsəlman dini konfessiyalar üçün eyni şərait və bərabər münasibət yaradılıb və dövlət başçımızın müvafiq sərəncamları ilə mütamadi olaraq dini konfessiyalara maliyyə yardımları göstərilir, dini bayramlar dövlət səviyyəsində qeyd olunur. Eyni zamanda ölkədəki mövcud tolerantlığa təhdid yaradan amillərdən dini radikalizm, dini xurafat və mövhumatın zərərləri geniş şəkildə izah edilib. Fərqli dinlərə sitayiş edən vətəndaşlarımızın tarixən sülh və əmin-amanlıq şəraitində yaşayaraq minillərlə formalaşdırdığı tolerantlıq mühitinə təsir göstərməyə çalışan, ölkə daxilindəki dinlərarası harmoniyanı pozmağa cəhd edən din pərdəsi adı altında fəaliyyət göstərən qrupların məkirli istəklərinə qarşı mübarizədə gənclərlə aparılan maarifləndirmənin vacibliyi vurğulanıb.

