Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
24.08.2021

Zaqatalada “Sülh aylığı” çərçivəsində onlayn seminar keçirilib

Avqustun 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “Sülh aylığı” çərçivəsində Zaqatala rayonunda “Azərbaycan xalqının tolerantlıq ənənəsi sülhün və birgəyaşayışın mühüm şərtidir” mövzusunda onlayn seminar keçirilib.

Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev, QMİ-nin Zaqatala rayonu üzrə qazısı Malik Bilalov, YAP Zaqatala rayon təşkilatının aparat rəhbəri Fərid Ramazanov, rayon N.Gəncəvi adına Mərkəzi Kitabxanalar Sisteminin müdiri Gülnigar Məmmədova, rayon Mədəniyyət Mərkəzinin direktoru Aybəniz Heydərova, din xadimləri, dini icma sədrləri və başqaları iştirak ediblər.

Çıxışlar zamanı Azərbaycanda əsrlərdən bəri yaşayan, qədim və sarsılmaz tarixə söykənərək  xalqımızın həyat tərzinə çevrilən mövcud zəngin tolerant dəyərlər haqqında məlumat verilib. Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən və ardıcıl siyasət nəticəsində bu gün respublikamızda bütün dinlərin nümayəndələrinin sülh, qardaşlıq və qarşılıqlı hörmət şəraitində yaşadığı bildirilib. O da vurğulanıb ki, dövlət başçımızın müvafiq sərəncamları ilə mütəmadi olaraq hər il dini konfessiyalara maliyyə yardımları göstərilir.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.