22.02.2018
Zaqatalada “Şəhadət” sənədli filmi nümayiş olunub
Fevralın 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi və Bakı İslam Universitetinin Zaqatala şöbəsinin birgə təşkilatçılığı ilə Əliabad İslam Kollecində DQİDK-nın sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş olunub.
Tədbirdə Əliabad İslam Kollecinin müəllim və tələbə kollektivi iştirak edib.
Tədbir Xocalı faciəsi qurbanları və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Bakı İslam Universitetinin Zaqatala şöbəsinin müdiri, Zaqatala rayon qazısı Malik Bilalov və Əliabad İslam Kollecinin müdiri Darçın Məmmədov İslam dinində şəhidlik zirvəsindən söhbət açıblar.
Daha sonra çıxış edən DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən İlqar Vəliyev şəhidlərimizin xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını deyib. O bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğal olunmuş torpaqlarımız düşmənlərdən azad olunacaq və Vətən uğrunda şəhidlik zirvəsinə ucalanların qanları yerdə qalmayacaq. Eyni zamanda, dini fanatizmin, dini radikalizmin, dini ekstremizmin törətdiyi fəsadlardan də bəhs edən natiq xalqımızın milli-mənəvi dəyərlərinin qorunub saxlanılmasının vacibliyini qeyd edib.
Daha sonra “Şəhadət” sənədli filmi nümayiş olunub.