Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
23.11.2017

Zaqatalada “Qarabağdakı əsir abidələrimiz” mövzusunda maarifləndirmə tədbiri baş tutub

Noyabrın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə  Zaqatala rayonu Yolayrıc kənd məscidi dini icması tərəfindən “Dini abidələrimiz” layihəsi çərçivəsində “Qarabağdakı əsir abidələrimiz” mövzusunda maarifləndirici tədbir keçirilib.
Yolayrıc kənd tam orta məktəbində keçirilən tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Sərxan Tahirzadə, Yolayrıc kənd tam orta məktəbinin direktoru Gülənbər Malcanova, dini icmanın sədri Yunus Eminov, eləcə də məktəbin müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Gülənbər Malcanova mövzunun əhəmiyyətindən danışıb, dini abidələrimizi qorumağın hamının vəzifəsi olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Mövzu ilə bağlı geniş məruzə ilə çıxış edən DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Sərxan Tahirzadə müstəqillikdən sonra dini abidələrin yenidən qurulmasına və bərpasına diqqət və qayğının yüksək səviyyədə olmasından söz açıb, bu abidələrin milli-mənəvi dəyərlər sisteminin tərkib hissəsi olmasını diqqətə çatdırıb. O, həmçinin işğal altında olan rayonlarımızdakı əsir abidələr barədə məlumat verib, onların ermənilər tərəfindən acınacaqlı vəziyyətdə istismara məruz qaldığını təəssüf hissi ilə qeyd edib.
Daha sonra çıxış edən dini icmanın sədri Yunus Eminov layihənin mahiyyəti barədə məlumat verib, məktəblilərin dini abidələrimizin tarixini dərindən mənimsəməsinin vacibliyindən danışıb.
Sonda Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.