Zaqatalada “Milli mənəvi dəyərlərimizin qorunması uğurlu gələcəyimizin zəmanətidir” mövzusu müzakirə olunub
Mayın 7-də Zaqatala Rayon İcra Hakimiyyətinin (RİH), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi və rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Zaqatala şəhər Humanitar Fənnlər Gimnaziyasında “Milli mənəvi dəyərlərimizin qorunması uğurlu gələcəyimizin zəmanətidir” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Zaqatala RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov, DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev, DQİDK-nin Zaqatala bölgəsi üzrə şöbəsinin məsləhətçisi Vüqar Məmmədov, RİHB-nın Zaqatala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Elbrus Məmmədov, rayon Uşaq və ailələrə dəstək mərkəzinin direktoru Cövharat İbrahimova, Humanitar Fənnlər Gimnaziyasının müəllim və yuxarı sinif şagirdləri iştrak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin müəllimi Kamran Bayramov mövzunun əhəmiyyətindən danışıb, milli-mənəvi dəyərlərin indiki və gələcək nəsillərə aşılanmasının labüdlüyünü qeyd edib.
Zaqatala RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov çıxışında dini radikalizmin və xurafatın yaratdığı fəsadlardan, onun zərərliyindən danışıb. Natiq gənclərin milli-mənəvi dəyərlərə sıx bağlı olmasının vacibliyini vurğulayıb. DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin yaratdığı dövlət-din münasibətlərinin bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən böyük uğurla həyata keçirildiyi barədə ətraflı məlumat verib, milli-mənəvi dəyərlərin hər bir vətəndaş üçün önəmli olduğunu bildirib. Şöbə müdiri milli-mənıəvi dəyərlərin qorunub saxlanılmasının və öyrənilməsinin vacibliyindən bəhs edib.
