02.12.2015
Zaqatalada “Milli-mənəvi dəyərlərimiz və bu dəyərlərin məktəblilərin tərbiyəsindəki rolu” adlı seminar keçirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Təhsil Nazirliyinin “Təhsil müəssisələrində uşaq və gənclərin milli-mənəvi və bəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” birgə əmri ilə təsdiq olunmuş Fəaliyyət Planına əsasən DQİDK-nın Zaqatala Bölgəsi üzrə şöbəsi və Zaqatala rayon Təhsil şöbəsi dekabrın 1-də Zaqatala şəhər 2 saylı orta məktəbdə, dekabrın 2-də isə Zaqatala rayon Tala kənd 4 saylı orta məktəbdə “Milli-mənəvi dəyərlərimiz və bu dəyərlərin məktəblilərin tərbiyəsindəki rolu” adlı seminarlar təşkil ediblər.
Yuxarı sinif şagirdləri və müəllim kollektivinin iştirak etdiyi hər iki tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Zaqatala Bölgəsi üzrə şöbəsinin müdiri Mehman İsmayılov ümumbəşər və milli-mənəvi dəyərlər barədə məlumat verib, bu dəyərlərin insan şəxsiyyətinə təsirindən və şəxsiyyətin kamilləşməsində bu dəyərlərin rolundan bəhs edib. Zaqatala rayon Təhsil şöbəsinin metodisti Günəş Əsgərova isə şagirdlər arası ünsiyyət və bu ünsiyyətin inkişafında milli-mənəvi dəyərlərin rolu mövzusunda çıxış edib.
Sonda şagirdlərin sualları cavablandırılıb.
.jpg)
