Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
22.02.2017

Zaqatalada “Məktəblilərin dini dünyagörüşünə təsir edən amillər” mövzusunda tədbir keçirilib

Fevralın 22-də Zaqatala RİH, DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsi və Zaqatala rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Zaqatala şəhəri Akademik Zərifə Əliyeva adına liseydə “Məktəblilərin dini dünyagörüşünə təsir edən amillər” mövzusunda tədbir keçirilib.
Zaqatala rayon təhsil işçilərinin iştirakı ilə keçən tədbiri giriş sözü ilə Zaqatala rayon Təhsil şöbəsinin müdiri Habil Qurbanov açaraq rayon məktəblərində “Həyat bilgisi” fənninin tədrisi barədə məlumat verib, məktəblilərin dini dünyagörüşünün müsbət istiqamətdə formalaşmasında bu fənnin tədrisinin əhəmiyyətindən danışıb.
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri Mehman İsmayılov “Həyat bilgisi” dərsliyini tədris edərkən müəlllimlərin diqqət edəcəyi məsələlərdən bəhs edərək din və xurafat, din və mədəniyyət münasibətlərinə, dini dözümlülük, digər dinlərə hörmət, dini radikalizm və s. kimi mövzulara daha dərindən və əhatəli yanaşmanın vacibliyini qeyd edib. O, həmçinin gələcəkdə Təhsil şöbəsi ilə birgə məktəblərdə bu fənni tədris edən müəllimlərlə dəyirmi masaların təşkil olunması təklifini irəli sürüb.
Zaqatala RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı İlqar Vəliyev isə dini radikalizmin fəsadlarından, onunla mübarizənin vacibliyindən və şagirdlərin bu cür mənfi təmayüllərdən qorumaq üçün təhsilin əhəmiyyətindən danışıb.
Sonda çıxış edən Zaqatala rayon prokuroru Əli Abdullayev dünyada dini radikalizmlə bağlı baş verən proseslərdən, bu proseslərin ölkəmizə təsirindən bəhs edib, radikal dini qruplaşmaların metodları barədə məlumat verib. Prokuror, həmçinin dini radikalizmə qarşı hüquqi müstəvidə görülən tədbirlərdən danışıb.