Zaqatalada maarifləndirmə tədbiri keçirilib
Oktyabrın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Zaqatala Rayon İcra Hakimiyyəti (RİH), Rayon Təhsil Şöbəsi və Rayon Polis Şöbəsinin (RPŞ) birgə təşkilatçılığı ilə Zaqatala rayonu Muxax kənd 1№-li tam orta məktəbində “Dini radikalizm və narkomaniyaya qarşı mübarizə metodları” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Tədbirdə təşkilatçı qurumların rəsmiləri, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Çıxış edən Muxax kənd tam 1№-li tam orta məktəbin direktoru Ədalət Novruzova keçirilən maarifləndirmə tədbirinin əhəmiyyətini qeyd edib.
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin məsləhətçisi Vüqar Məmmədov dini radikalizmin mahiyyəti, yaranma səbəbləri və ona qarşı mübarizə üsulları barədə məlumat verib. O bildirib ki, gənclərin radikal dini qruplaşmaların təsir dairəsinə düşməsinin qarşınının alınması istiqamətində aparılan mübarizədə cəmiyyətin hər bir üzvü fəallıq göstərməlidir.
Zaqatala RPŞ-nın yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili qrupunun inspektoru İlqar Xalıqov narkomaniyanın insan sağlamlığında və psixologiyasında törətdiyi fəsadlar və bu sahədə görülən tədbirlər haqqında geniş məlumat verib.
Zaqatala Rayon Təhsil Şöbəsinin məsləhətçisi Rəcəb Əlizadə qeyd edib ki, dini radikalizm və narkomaniyanın təsir dairəsindən uzaq olmaq üçün gənclərin mütaliə etməsi və maariflənməsi vacibdir.
Sonda tədbir iştirakçılarına maarifləndirici ədəbiyyat paylanılıb.


