Zaqatalada “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib
Mayın 21-də Zaqatala Rayon İcra Hakimiyyəti (RİH) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) Zaqatala filialında “İnsan Hüquqları Aylığı” çərçivəsində “Milli-mənəvi dəyərlər və insan hüquqları” mövzusunda tədbir keçirilib.
Tədbirdə Zaqatala RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov, DQDİK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev, Zaqatala rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Cövhərət İbrahimova, ADİU-nun Zaqatala filialının direktoru Orucəli Rzayev, müəllimlər və tələbələr iştirak edib.
Tədbiri giriş sözü ilə açan ADİU-nun Zaqatala filialının direktoru Orucəli Rzayev keçirilən tədbirin aktuallığını qeyd edib, insan hüquqlarının bərqərar olmasında milli-mənəvi dəyərlərin rolundan danışıb.
Zaqatala RİH başçısının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov çıxışında gənclərin milli-mənəvi dəyərlərə bağlılığının önəmindən bəhs edib, xalqımızın milli-mənəvi dəyərlərə sadiq olmasının vacibliyini və əhəmiyyətini vurğulayıb. Eyni zamanda milli-mənəvi dəyərlərini, adət-ənənələrini unudan insanların qısa müddət ərzində qeyri-ənənəvi radikal dini cərəyanların təsiri altına düşməsi və bu təhdidlərin cəmiyyətimiz üçün təhlükəli olması barədə ətraflı məlumat verib.
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev Azərbaycanda Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət-din münasibətlərinin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, xalqımızın tarixən formalaşmış milli-mənəvi dəyərlərinin qorunub-saxlanılması və yaşadılması sahəsində aparılan dövlət siyasətindən, görülmüş işlərdən danışıb. Radikal dini qruplaşmaların törətdiyi fəsadlardan, onların məkrli məqsədlərindən və cəmiyyətimiz üçün yarada biləcək təhdidlərdən bəhs edib.
Zaqatala rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Cövhərət İbrahimova dövlətin ailə, qadın və uşaq siyasətindən, görülən işlərdən məlumat verib. Həmçinin ailə dəyərlərinin milli-mənəvi dəyərlərin tərkib hissəsi olduğunu və gənclərimizin təhsilli və dünyagörüşlü olmasının labüdlüyünü qeyd edib.
Sonda tədbir iştirakçılarına maarifləndirici ədəbiyyat paylanılıb.
