Zaqatalada “Dinin siyasiləşdirilməsi milli təhlükəsizliyə və mənəvi dəyərlərə təhdid kimi” mövzusu müzakirə olunub
Avqustun 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Zaqatala rayonunda “Dinin siyasiləşdirilməsi milli təhlükəsizliyə və mənəvi dəyərlərə təhdid kimi” mövzusunda onlayn seminar keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev, YAP Zaqatala rayon təşkilatının aparat rəhbəri Fərid Ramazanov, N.Gəncəvi adına Mərkəzi Kitabxanalar Sisteminin müdiri Gülnigar Məmmədova, Mədəniyyət Mərkəzinin direktoru Aybəniz Heydərova, QMİ-nin Zaqatala rayonu üzrə qazısı Malik Bilalov, din xadimləri, dini icma sədrləri, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Çıxışlar zamanı qeyd edilib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətlərinin bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkədə digər sahələrdə olduğu kimi dini sahədə də sabitlik və əmin-amanlıq hökm sürür. Vurğulanıb ki, Azərbaycanda dinlər və məzhəblərarası qarşıdurmalar baş verməyib, dini, milli, irqi və məzhəb ayrı-seçkiliyə yol verilmir, eləcə də hər kəsin vicdan azadlığına təminat verilir. O da bildirilib ki, bir çox xalqların və müxtəlif dini konfessiyaların nümayəndələri respublikamızda birgə, mehriban şəraitdə yaşayırlar.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

