09.08.2017
Zaqatalada dini maarifləndirmə tədbirləri davam etdirilir
Avqustun 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Zaqatala rayonu Yengiyan kənd məscidi dini icması tərəfindən “İslam dininin mədəniyyətimizdəki yeri və rolu” layihəsi çərçivəsində “Milli-dini abidələrimiz” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Sərxan Tahirzadə, Zaqatala Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı İlqar Vəliyev, QMİ-nin Zaqatala rayonu üzrə qazısı Malik Bilalov, dini icmanın sədri Abdurahman Bilalov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan icma sədri Abdurahman Bilalov vurğulayıb ki, Azərbaycan dövləti dindarlara yüksək səviyyədə qayğı göstərir.
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Sərxan Tahirzadə çıxışında İslam mədəniyyətinin formalaşmasında Azərbaycanda tarixən mövcud olan milli-dini abidələrin əhəmiyyətindən söhbət açıb. O bildirib ki, ölkədə dini ibadət yerlərinin tikilməsi və yenidən bərpasına dövlət tərəfindən xüsusi diqqət göstərilir.
Zaqatala bölgə qazısı Malik Bilalov da öz növbəsində sahib olduğumuz milli-dini dəyərlərin İslam mədəniyyətinin tərkib hissəsi olmasını tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Ölkədə mövcud olan dövlət-din münasibətlərindən danışan Zaqatala RİH başçısı Aparatının nümayəndəsi İlqar Vəliyev qeyd edib ki, dini abidələr, ziyarətgahlar milli mədəniyyətimizin tərkib hissəsidir.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, Dövlət Komitəsi tərəfindən nəşr olunan dini təyinatlı maarifləndirici ədəbiyyatlar paylanılıb.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.