02.11.2016
Zaqatalada “Dini fundamentalizm və dini radikalizmlə mübarizədə gənclərin rolu” adlı tədbir keçirilib
Noyabrın 2-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsi, Zaqatala Rayon İcra Hakimiyyəti, YAP Zaqatala rayon təşkilatı və Zaqatala rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Dini fundamentalizm və dini radikalizmlə mübarizədə gənclərin rolu” adlı tədbir keçirilib.
Tədbirdə Zaqatala RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı İlqar Vəliyev, DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri Mehman İsmayılov, YAP Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov, Zaqatala rayon prokuroru Əli Abdullayev, Zaqatala rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Əliyev və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov dini fundamentalizm və dini radikalizm məfhumlarının Azərbaycan cəmiyyətinə yad olduğunu qeyd edib və Yaxın Şərqdə cərəyan edən hadisələrə diqqət çəkib.
Daha sonra çıxış edən Zaqatala RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı İlqar Vəliyev Azərbaycanın tarixən ənənəvi İslam dəyərlərinə sadiq olduğunu, dini radikalizmin heç vaxt Azərbaycan cəmiyyətində özünə yer tapmadığını vurğulayıb.
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri Mehman İsmayılov məruzəsində dini fundamentalizm və dini radikalizmi ortaya çıxaran səbəblər, bu səbəblərlə mübarizə yolları barədə geniş məlumat verib. M.İsmayılov, eyni zamanda radikal və ənənəvi dini cərəyanlar arasındakı fərqli cəhətlərdən danışıb.
Zaqatala rayon prokuroru Əli Abdullayev məruzəsində dini radikalizmin son mərhələdə terrorizm və ekstremizmlə nəticələndiyini xüsusilə vurğulayıb.
Zaqatala rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Əliyev məruzəsində rayon gənclərinin dini radikalizmlə mübarizədə aktiv olmalarının əhəmiyyəti barədə fikirlərini bildirib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


