Zaqatalada din xadimlərinin iştirakı ilə onlayn tədbir keçirilib
Avqustun 25-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “Pandemiya dövründə dini icmaların fəaliyyəti və qarşıda duran vəzifələr” mövzusunda onlayn tədbir keçirilib. Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbənin müdiri İlqar Vəliyev və əməkdaşları, Balakən Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini – dini qurumlarla işin təşkilatçısı Fariz Nəcəfov, Zaqatala rayon qazısı Malik Bilalov, Balakən rayon qazısı İbrahim İbrahimov, Qafqaz Müsəlmanları İdarəsinin Qax rayonu üzrə səlahiyyətli nümayəndəsi Hacı Əsgərov və bölgədə fəaliyyət göstərən dini icma sədrləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən işlərdən danışıb. O, Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərargahın qaydalarına, Dövlət Komitəsi və QMİ rəhbərliyinin tapşırıq və tövsiyələrinə əməl edilməsinin vacibliyini vurğulayıb.
Çıxış edən din xadimləri aparılan mübarizə tədbirlərini dəstəklədiklərini, sosial şəbəkələr vasitəsilə maarifləndirici təbliğat və təşviqat apardıqlarını bildiriblər.
Sonda dini icma rəhbərlərinə pandemiya dövründə karantin qaydalarına daha məsuliyyətlə əməl edilməsi barədə tapşırıqlar verilib.

