26.01.2018
Zaqatalada “Azərbaycanda ənənəvi İslam dəyərləri” mövzusunda tədbir keçirilib
Yanvarın 25-də Zaqatalada “Azərbaycanda ənənəvi İslam dəyərləri” mövzusunda baş tutan tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev, rayon prokuroru Əli Abdullayev, Müalicə Diaqnostika Mərkəzinin baş həkimi Nəriman Əfəndiyev və kollektivi iştirak edib.
Tədbiri giriş sözü ilə açan Müalicə Diaqnostika Mərkəzinin baş həkimi Nəriman Əfəndiyev milli-mənəvi dəyərlərin tərkib hissəsi olan ənənəvi islami dəyərlərin qorunub saxlanmasının vacibliyi və əhəmiyyəti barədə danışıb.
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev bildirib ki, İslam dininin əsasını sülh, tolerantlıq kimi humanist prinsiplər təşkil edir. “Lakin, təəssüf hissi ilə qeyd olunmalıdır ki, əsrlərlə bu dini müxtəlif təriqətlərə parçalayaraq əsl mahiyyətini dəyişib, terror və zorakılıq dininə çevirməyə cəhdlər edilib. Azərbaycanda isə bu cəhdlər nəticəsiz qalıb, heç bir qeyri-ənənəvi təriqət burada özünə kök sala bilməyib. Xalqımız ənənəvi İslam dinini qoruyaraq nəsildən-nəslə ötürüb” – ,deyə İ.Vəliyev vurğulayıb.
Zaqatala rayon prokuroru Əli Abdullayev ölkəmizdə ictimai-siyasi sabitliyin və dünyaya örnək ola biləcək tolerantlıq mühitinin olduğunu vurğulayıb. Bildirilib ki, tolerantlıq milli mənsubiyyətindən, dinindən asılı olmayaraq hər bir azərbaycanlının həyat tərzinə çevrilib.
Seminar-müşavirədə müxtəlif dini cərəyanlar və onların fəaliyyət metodları haqqında ətraflı məlumat verilib. Ölkəmizdə qarşıdurma yaratmağa çalışan qüvvələrə qarşı mübarizədə hamının sayıqlıq göstərməsinin vacibliyi vurğulanıb. Tədbir işini müzakirələrlə davam etdirib.