Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
14.06.2016

Zaqatala rayonunda kitab və film təqdimatı baş tutub

İyun ayının 13-də Zaqatala rayonu Yuxarı Tala kənd məscidi və Zaqatala rayonu Dombabinə kənd məscidi dini icmaları tərəfindən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bu icmalara ayırdığı layihə vəsaiti hesabına nəşr etdirdikləri “XIX Əsr Azərbaycanın Şimal-Qərb bölgəsində (Qanıx-Həftəran vadisi) Dini Həyat, Elm və Mədrəsələr” adlı kitabın Zaqatala rayonunda təqdimat mərasimi keçirilib.
Zaqatala və Balakən rayonlarında fəaliyyət göstərən din xadimlərinin, Bakı İslam Universitetinin Zaqatala şöbəsinin müəllim və tələbələrinin, həmçinin ziyalıların iştirak etdiyi tədbiri giriş sözü ilə layihənin rəhbəri,  Zaqatala rayonu Yuxarı Tala kənd məscidi dini icmasının sədri Şakir Mehdiyev açaraq bölgənin ənənəvi dini keçmişinin araşdırılması məqsədi daşıyan bu layihənin uğurla başa çatdığını bildirib, kitabın müəllifi Əhməd Niyazova, onun nəşr edilməsini təmin edən Dövlət Komitəsinə və  kitabın ərsəyə gəlməsində əməyi olan hər bir kəsə təşəkkür edib.
Daha sonra çıxış edən DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri Mehman İsmayılov bu layihənin və layihə nəticəsində çap olunan kitabın bizə Azərbaycanın tarixi dini keçmişi  və günümüzə qədər qorunub saxlanan ənənəvi dini həyatı ilə bağlı dərin məlumatlar əldə etməyə imkan verdiyini və eyni zamanda bu layihənin Azərbaycanın nə qədər zəngin bir mirasa sahib olduğunu gözlər önünə sərdiyini qeyd edib, Dövlət Komitəsinin bundan sonra da bu cür layihələrə dəstək verəcəyini iştirakçıların nəzərinə çatdırıb.
Kitabın müəllifi Əhməd Niyazov isə çıxışında araşdırma metodu və kitab haqqında geniş məlumatlar verib.
Daha sonra isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanan “Fitnə” sənədli filmi nümayiş etdirilib.