Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
25.05.2018

Yevlaxda Cümhuriyyətin 100 illiyi qeyd olunub

Mayın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsi, Yevlax RİH başçısı Aparatının və Yevlax şəhər 3 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə “2018-ci ilin Azərbaycan Xalq Cumhuriyyəti ili elan edilməsinin ictimai-siyasi və elmi-tarixi mahiyyəti”  mövzusunda tədbir keçirilib.
DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyevin, şöbənin məsləhətçisi Vüsal Hüseynlinin, Yevlax şəhər 3 saylı orta məktəbin direktoru Sevda Səmədovanın, Yevlax rayon Polis idarəsinin əməkdaşı Füzuli Məmmədovun, Yevlax rayon redaksiyası “Kür” qəzetinin şöbə müdiri Ramiz Həmidovun, gənc tarixçilər və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbir Dövlət Himninin səslənməsi ilə başlayıb.
Daha sonra çıxış edən Yevlax şəhər 3 saylı orta məktəbin direktoru Səmədova Sevda  2018-ci ilin dövlət başçısı tərəfindən “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsinin əhəmiyyətinə toxunub. O qeyd edib ki, yaddaşlarda dərin iz buraxan Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk Parlamentli Respublika idi və xalqımız 1918-ci il dövlətçilik ənənələrinə sadiq qalıb Sovet imperiyasının süqutunu sürətləndirərək yenidən müstəqil dövlət qurmağa nail olub.
Tədbirdə çıxış edən DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev Cümhuriyyət illərində görülən böyük işlərdən bəhs edib. O, 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyini bildirən İstiqlal bəyannaməsinin qəbulundan, ilk Parlament və Hökümətin, eləcə də ölkənin sərhədlərinin müəyyənləşdirilməsindən, bayrağının, himninin, gerbinin yaradılmasından, dövlət quruculuğu sahəsində ciddi tədbirlərin həyata keçirilməsindən danışıb.  Azərbaycan Xalq Cümhuriyyəti illərində dini sahədəki işlərə də toxunan natiq bütün dinlərin nümayəndələrinin azad şəkildə ölkədə yaşamalarına yaradılan imkanlardan da söz açıb.
Tədbir ictimaiyyət nümayəndələrinin çıxışları və mövzuya dair sualların  cavablandırılması ilə davam edib.