Yevlaxda "20 Yanvar qan yaddaşımızdır" mövzusunda videokonfrans formatında tədbir keçirilib
Yanvarın18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə "20 Yanvar qan yaddaşımızdır" mövzusunda videokonfrans formatında tədbir keçirilib. Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, şöbənin əməkdaşları, təhsil, mədəniyyət işçiləri, YAP Yevlax rayon təşkilatının və Yevlax Şəhər Gənclər və İdman idarəsinin əməkdaşları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan şöbə müdiri Natiq Əfəndiyev ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsini anaraq, onlara Allahdan rəhmət diləyib. O, 1990-cı ilin 20 Yanvar hadisələrinin Azərbaycan xalqının suveren, demokratik dövlət yaratmaq istəyini qırmaq məqsədilə törədildiyini və bu hadisənin tariximizə həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yazıldığını bildirib. Natiq Əfəndiyev ölkəmiz üçün belə çətin bir zamanda yenə Ulu Öndər Heydər Əliyevin həyatını təhlükə altına qoyub Moskvadakı Azərbaycan nümayəndəliyinə gedərək xalqımızın başına gətirilmiş faciəni bütün dünyaya çatdırmasını vurğulayaraq, hadisəyə ilk siyasi-hüquqi qiymətin də məhz 1991-ci ilin noyabr ayında Heydər Əliyevin Naxçıvan Ali Sovetinə rəhbərlik etdiyi vaxtda verildiyini qeyd edib.
Tədbirdə, həmçinin Bərdə regional Mədəniyyət idarəsinin Yevlax rayonu üzrə nümayəndəsi Rafiq Məmmədov, Yevlax şəhər Heydər Əliyev Mərkəzinin direktoru Aygün Qasımova, Yevlax şəhər 5 saylı orta məktəbin direktoru Zərxanım Əhmədova, şəhər Gənclər və İdman idarəsini əməkdaşı Rövşən Musayev və başqaları çıxış ediblər.

