“Yeniyetmə və gəncləri radikalizm və ekstremizm təhlükəsindən qoruyaq” mövzusu müzakirə edilib
Aprelin 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi, Beyləqan Rayon İcra Hakimiyyəti, rayon Gənclər və İdman idarəsi və rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “Yeniyetmə və gəncləri radikalizm və ekstremizm təhlükəsindən qoruyaq” mövzusunda videokonfrans keçirilib.
Tədbirdə təşkilatçı qurumların əməkdaşları, dini icma sədrləri, orta məktəb direktorları, direktor müavinləri, məktəb psixoloqları və gənclər iştirak ediblər.
Çıxışlarda qeyd edilib ki, gəncləri radikal dini düşüncələrdən və ekstremist meyillərdən qorumaq məqsədilə mütəmadi olaraq yerlərdə maarifləndirici tədbirlərin təşkil edilməsinin böyük əhəmiyyəti vardır. Bu məqsədlə dini radikalizmə və ekstremizmə qarşı mübarizə tədbirlərinin intensivliyi daha da artırılmalı, aidiyyəti qurumlar cəlb olunmaqla geniş ictimaiyyətin iştirakı ilə xüsusi tədbirlər planına əsasən davamlı olaraq aparılmalıdır.
Həmçinin çıxışlarda vurğulanıb ki, milli-mənəvi və əxlaqi dəyərlərdən uzaq, yetkin dünyagörüşünə malik olmayan gənc nəsil yad ideologiyaya, təsirlərə məruz qalaraq cəmiyyət üçün böyük bəlaya çevrilə bilər. Odur ki, yeniyetmə və gənclər dini radikalizm və ekstremizmin təsirlərindən uzaq, milli-mənəvi dəyərlərimizə sadiq ruhda yetişdirilməlidir.