Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
18.10.2017

Yeni zamanın yeni lideri

Prezident İlham Əliyevin ölkənin sosial-iqtisadi inkişafına yönələn siyasəti insan amili üzərində qurulub və bunun nəticəsidir ki, regionların inkişafına yönələn proqramlarda sosial təyinatlı obyektlərin tikintisi, yenidən qurulması xüsusi diqqət mərkəzindədir.
Həmçinin regionlarda idarəetmə işinin səmərəliləşdirilməsi, bürokratik əngəllərin aradan qaldırılması, yerli strukturların fəaliyyət mexanizminin effektivliyinin artırılması kimi faktlar həyata keçirilən siyasətin nə dərəcədə uğurlu olduğunu göstərir.
XX əsr Azərbaycan tarixinin ən görkəmli dövlət xadimi olan Heydər Əliyevin siyasi obrazı xalqmızın dövlətçilik düşüncəsinin, tarixin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin, müasir ictimai-siyasi fikrin ən davamlı keyfiyyətlərinin canlı mənzərəsidir. Çağdaş tariximizdə Azərbaycan dövlətinin özünütəsdiq faktına çevrilmiş Heydər Əliyev respublikaya rəhbərliyi dövründə möhkəm təməllərə əsaslanaraq fundamental dövlətçilik ənənələri formalaşdırmış, milli müstəqilliyimizi əbədiləşdirmişdir. Ulu öndər Azərbaycana rəhbərlik etdiyi illərdə ölkəmizi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır.
Hüquqi dövlət quruculuğu, ölkənin iqtisadi və sosial inkişafı, Azərbaycanda demokratik cəmiyyətin qurulması, milli təhlükəsizlik və xarici-siyasət problemlərinin həlli, milli-mənəvi dəyərlərin inkişafı istiqamətində görülən işlər bütünlüklə müstəqillik amilinin praktiki baxımdan bərqərar olmasına yönəlmişdir.
Belə bir zamanda Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun, milli dövlətçilik konsepsiyasının varisliyinin təmin olunması zərurəti Azərbaycan xalqının sosial sifarişi kimi ortaya çıxmışdır. Azərbaycanda müstəqil dövlətçilik ənənələrini formalaşdıran Heydər Əliyevin xalq qarşısındakı ən böyük xidməti də məhz bundan ibarətdir ki, Ümummilli liderimiz müəllifi olduğu ənənələrin davamlılığını təmin etmiş, dərin zəkası hesabına respublikamızın gələcək uğurlarına təminat yaratmışdır.
Azərbaycan üçün strateji əhəmiyyət daşıyan bu kursun davam etdirilməsi istəyinin cəmiyyətdə ciddi sosial sifarişə çevrilməsi isə ilk növbədə Ulu öndərimizin Öz siyasətində hər bir fərdin maraq və mənafelərini incəliklə nəzərə almasından irəli gəlirdi.
Təsadüfi deyil ki, Ümummilli liderimiz Heydər Əliyev 2003-cü il prezident seçkiləri ərəfəsində Azərbaycan xalqına tarixi müraciətində cənab İlham Əliyevi yeni mərhələdə ölkəyə rəhbərlik etməyə qadir şəxsiyyət kimi gördüyünü bildirmiş, bir çox işlərin Onun tərəfindən uğurla başa çatdırılacağına dərin inamını ifadə etmişdi: “O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Son on dörd ilin gerçəklikləri əminliklə söyləməyə əsas verir ki, Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında ölkəni irəli apararaq təkcə regionun deyil, dünyanın ən inkişaf etmiş dövlətləri sırasına çatdırmaq məqsədi daşıyan strateji inkişaf kursu bu gün Prezidentimiz tərəfindən məharətlə və böyük uğurla davam etdirilməkdədir.
Cənab İlham Əliyev hələ dövlət başçısı seçilməzdən əvvəl çox mühüm vəzifələrdə - Milli Olimpiya Komitəsinin prezidenti, ARDNŞ-nin vitse-prezidenti, Milli Məclisin deputatı kimi AŞPA-da ölkəmizin nümayəndə heyətinin rəhbəri və nəhayət, Azərbaycan Respublikasının Baş naziri kimi böyük idarəçilik səriştəsi əldə etmişdi.
Ona bəslənilən ümidləri birmənalı şəkildə doğruldan, yüksək intellekti, işgüzarlığı, mütərəqqi idarəçilik prinsipləri ilə cəmiyyətdə böyük nüfuz qazanan Prezident İlham Əliyev müasir dünyanın qloballaşma və yeni geosiyasi reallıqlarından irəli gələn siyasi mənzərəsini qiymətləndirməyi bacaran dövlət xadimi kimi Özünü təsdiq etmişdir.
Təsadüfi deyil ki, dünyanın görkəmli siyasətçiləri, ictimai xadimləri, elm və mədəniyyət adamları, tanınmış dövlət nümayəndələri cənab İlham Əliyevin fəaliyyətini izləyir və Onun istər ölkə, istərsə də beynəlxalq miqyasda yürütdüyü siyasəti çox yüksək dəyərləndirirlər. ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə sabiq müşaviri, politoloq Zbiqnev Bjezinski İlham Əliyevin liderlik keyfiyyətlərindən bəhs edərək bildirirdi ki, “Mən Onu on ildən artıq bir müddətdir ki, tanıyıram. Bu müddət ərzində Onun prezident vəzifəsinə kimi yüksələ bilmək qabiliyyəti mənə yaxşı təəssürat bağışlayır. O, enerjili, ağıllı bir gənc idi. İndi isə O, özünəinamlı, ciddi dövlət adamıdır və Avropanın həmin hissəsində Öz mühüm rolu və konstruktiv mövqeyi ilə seçilir”.
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun bir sıra aspektlərinə diqqət yetirməklə dövlətçiliyin inkişafına, milli maraqların müdafiəsinə, xalqın sosial rifahının yaxşılaşmasına, iqtisadiyyatın inkişaf etdirilməsinə nə kimi töhfələr verdiyini görmək olar. Praqmatik siyasət həyata keçirmək qabiliyyətilə azərbaycanlıları ümumi ideya və məqsəd ətrafında birləşdirməyi bacaran ölkə başçımız dövlətçilik, vətənpərvərlik, ənənələrə bağlılıq kimi mühüm prinsiplərin əsas təminatçısı kimi çıxış edir.
Bu prinsiplərə daim əməl edən Prezident İlham Əliyev fəaliyyəti ilə Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olduğunu göstərməklə yanaşı, sürətlə dəyişən geosiyasi reallıqlar şəraitində Azərbaycanın milli maraqlarını təmin etmək bacarığı ilə Özünün güclü siyasi lider olduğunu təsdiqləmişdir. Bu bir həqiqətdir ki, Ulu öndərin əsasını qoyduğu daxili və xarici siyasət kursunun uğurla davam etdirilməsi sayəsində Azərbaycan bugünkü yüksəlişə və inkişafa nail olmuşdur.
Daxili siyasət
Prezident seçildikdən sonra cənab İlham Əliyev Azərbaycanın bütün bölgələrinin tərəqqisinə hesablanmış regionların sosial-iqtisadi inkişafı istiqamətində mühüm uğurlara nail olunmasını təmin edib.
Regionların sosial-iqtisadi inkişafı ölkəmizdə yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, müasir islahatlar və digər sistemli hədəflərin reallaşmasında mühüm rola malikdir. Bütün bunlar isə, şübhəsiz, Azərbaycanın modernləşməsinə və tərəqqisinə xidmət edir.
Bütövlükdə, demək olar ki, regionların inkişafı ilə bağlı 2004-cü ildən başlayaraq həyata keçirilən kompleks tədbirlərin icrasının mövcud tendensiyası, qazanılmış misilsiz nailiyyətlər belə bir real vəziyyəti meydana çıxarır: son 13 ildə Azərbaycan iqtisadi, sosial, siyasi, ictimai, humanitar, elmi-mədəni cəhətdən əsaslı dönüşə və yüksək nailiyyətlərə nail olan, iqtisadiyyatını bir neçə dəfə inkişaf etdirməklə dünya üzrə ən yüksək tərəqqi meyarlarına malik ölkəyə çevrilib.
Prezident İlham Əliyevin ölkənin sosial-iqtisadi inkişafına yönələn siyasəti insan amili üzərində qurulub və bunun nəticəsidir ki, regionların inkişafına yönələn proqramlarda sosial təyinatlı obyektlərin tikintisi, yenidən qurulması xüsusi diqqət mərkəzindədir.
Həmçinin regionlarda idarəetmə işinin səmərəliləşdirilməsi, bürokratik əngəllərin aradan qaldırılması, yerli strukturların fəaliyyət mexanizminin effektivliyinin artırılması kimi faktlar həyata keçirilən siyasətin nə dərəcədə uğurlu olduğunu göstərir.
Prezident İlham Əliyevin daxili siyasət kursunun çox mühüm istiqamətlərindən birini də sosial siyasət təşkil edir. Və Onun sosial dövlət fəlsəfəsinin əsasında hər bir vətəndaşın layiqli həyat şəraitinin təmin olunması prinsipi durur. Azərbaycanda sürətli inkişaf, təbii olaraq, dövlət quruculuğunun bütün sahələrinə, o cümlədən sosial sferaya ciddi sirayət edib və bir çox sosial proqram və layihələrdə real əksini tapıb. Əlbəttə, ölkəmizin iqtisadi qüdrətinin artması vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə zəmin yaradıb. Azərbaycanda sosial siyasət elə həyata keçirilir ki, dövlət ümummilli məhsulun təkrar bölüşdürülməsinin bazar mexanizmini tamamlayır və dəqiqləşdirir. Bu zaman minimal baza tələblərinin təminatlı şəkildə ödənilməsi və əhalinin daha artıq sosial müdafiə tələb edən hissəsinə sosial yardım göstərilməsi həyata keçirilir. Ölkəmizin dövlət büdcəsi də yuxarıda göstərilən prinsiplərə uyğun olaraq formalaşdırılır. Belə ki, büdcənin 30 faizdən çoxu sosial məsələlərə yönəldilir ki, bu da ölkəmiz üçün tamamilə məqbuldur.
Bir sözlə, sosial sahədə ardıcıl şəkildə həyata keçirilən layihələr onu göstərir ki, Azərbaycan hökuməti əhalinin maddi rifah halının yaxşılaşdırılması və onun bütün sosial qayğılarla əhatə olunması üçün güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev sosial siyasətin Azərbaycanın dövlət siyasətinin ayrılmaz hissəsi olduğunu dəfələrlə bəyan edib: “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”.
2003-cü ildəki prezident seçkiləri ərəfəsində ölkədə “bir dənə də olsun çadır düşərgəsinin qalmayacağını” bildirən cənab İlham Əliyev verdiyi vədə əməl etdi. Ötən müddət ərzində çadır düşərgələri tamamilə ləğv edildi və məcburi köçkünlər üçün bütün infrastruktura malik olan yeni qəsəbələr salındı.
Demokratik inkişaf
“Biz ölkəmizdə demokratiyanın, insan hüquqlarının inkişafına və qorunmasına çox böyük əhəmiyyət veririk”, - deyən Prezident İlham Əliyevin fəaliyyəti dövründə insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə olunması istiqamətində xüsusi işlər görülüb, əhəmiyyətli nəticələr əldə edilib. Onun birbaşa tövsiyə və göstərişləri əsasında görülən sistemli işlər insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində xüsusi əhəmiyyət kəsb edir.
Məhz bu cür ali və humanist mövqeyin nəticəsidir ki, Prezident İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamına əsasən, 18 iyun Azərbaycanda İnsan hüquqları günü elan edilib. Sərəncamda Ulu öndər Heydər Əliyevin 1998-ci il iyunun 18-də Azərbaycanda ilk “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nı təsdiq etdiyi xatırladılır və bildirilir ki, Heydər Əliyev insan hüquqlarının təmin olunmasını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edib.
Əqidəsindən, siyasi mövqeyindən asılı olmayaraq, hər bir KİV və jurnalistin hüquqları dövlət tərəfindən qorunur
Dövlət başçısının mətbuata münasibəti demokratik inkişafın zəruri tələblərinə söykənir. Söz və mətbuat azadlığını daim diqqət mərkəzində saxlayan cənab İlham Əliyev KİV-in sərbəst fəaliyyətinin, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etmələrinin tərəfdarıdır. O, media nümayəndələrinin sərbəst fəaliyyətinə və sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət yetirir. Əgər biz Azərbaycan mətbuatının son 10 ildəki inkişaf tarixinə nəzər salsaq, görərik ki, dövlət milli mətbuatın inkişafı üçün əlindən gələni edib. Nəzərə alsaq ki, Azərbaycanda milli mətbuatın maliyyə əsasları bir qədər zəif və kövrək təməllər üzərində qurulub, o zaman 2008-ci ildə qəbul edilən “KİV-in inkişafına dövlət dəstəyi konsepsiyası”nın nə qədər əhəmiyyətli olduğunu görərik. Eyni zamanda, onu da qeyd edə bilərik ki, 2009-cu ildən başlayaraq siyasi təmayülündən, mövqeyindən asılı olmayaraq, gündəlik çıxan bütün qəzetlərə yardım edilir. Bu isə, əlbəttə ki, Azərbaycan hakimiyyətinin siyasi iradəsi əsasında baş verir.
Milli təhlükəsizliyin təmin olunması
Cənab İlham Əliyevin 14 illik prezidentlik fəaliyyəti dövründə həyata keçirilən rasional daxili və xarici siyasət kursu sayəsində ölkəmizin milli təhlükəsizliyi yüksək səviyyədə təmin edilib. Təcrübə göstərir ki, milli təhlükəsizliyin etibarlı təminatı cəmiyyət həyatının ən müxtəlif sahələri ilə sıx bağlı olub ümumi vəhdət təşkil edir. Müstəqil dövlət olaraq Azərbaycanın milli maraq və təhlükəsizliyi də region və qlobal dünya maraqlarından ayrıca, təcrid olunmuş şəkildə təmin oluna bilməz. Bu reallıqdan çıxış edən Prezident İlham Əliyev sürətlə inkişaf edən, müxtəlif sahələrdə ciddi uğurlara imza atan müstəqil respublikamızın milli təhlükəsizliyinin qorunmasını vacib məsələ kimi önə çəkir. Dövlət başçısı haqlı olaraq bildirir ki, xalqın firavan, azad və təhlükəsiz yaşaması baxımından müasir dövrdə milli təhlükəsizlik amilinə xüsusi diqqət yetirilməli, bu istiqamətdə mühüm addımlar atılmalıdır.
Milli maraqlara əsaslanan qətiyyətli diplomatiya, eyni zamanda, respublikanın Cənubi Qafqazdakı strateji mövqeyini və nüfuzunu daha da artırmaqla, Avro-Atlantik məkana inteqrasiyasına geniş imkanlar açır. Şərqlə Qərbi birləşdirən neft, qaz və nəqliyyat-kommunikasiya layihələrinin mərkəzinə çevrilmiş Azərbaycan bu gün nəinki təhlükəsizlik problemlərinin həllinə nail olur, eyni zamanda, Avrasiya məkanında subregional inteqrasiyanın, enerji təhlükəsizliyinin mühüm təminatçısı qismində çıxış edir.
Xarici siyasət
Bugünkü qüdrətli Azərbaycan Respublikasının milli və dövlətçilik baxımından maraqlarına yüksək səviyyədə cavab verən xarici siyasət strategiyasının əsas istiqamətlərini Ulu öndər Heydər Əliyev müəyyənləşdirmişdir. Bu kursun əsas vəzifəsi dövlət müstəqilliyimizi qorumaq və möhkəmləndirmək, ölkənin təhlükəsizliyini, milli dövlətçilik hüquqlarını təmin etmək və beynəlxalq təhlükəsizlik sistemi ilə bağlamaqdan ibarətdir. Bu prioritetlər bu gün də Azərbaycanın xarici siyasət kursunun əsas ştrixlərindən birini təşkil edir. Əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil xarici siyasət məhz bu əsaslar üzərində qurulub, ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri daha da möhkəmlənib, bütün bunlar isə diplomatik reallıqlar fonunda respublikamızın imicini xeyli yüksəldib.
Azərbaycan balanslı diplomatiya ilə dünyanın fövqəlgüc mərkəzlərinin regionda toqquşan maraqlarını optimal şəkildə uzlaşdıraraq, ayrı-ayrı dövlətlərlə münasibətlərdə bərabərhüquqlu tərəfdaşa çevrilib. Respublikamız Cənubi Qafqaz regionundakı əhəmiyyətli ərazi, geostrateji və geoiqtisadi üstünlüklərindən maksimum yararlanıb, diplomatik fəaliyyət sahəsində hər bir mərhələ üçün qarşıda duran hədəfləri düzgün müəyyənləşdirib.
Dünya siyasətini istiqamətləndirən böyük dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, respublikamızda həyata keçirilən mütərəqqi iqtisadi, siyasi, hüquqi islahatlar barədə dolğun təsəvvür yaratmaq, xaricdə güclü diaspor və lobbi formalaşdırmaq dövlətimizin xarici siyasətinin prioritet məqsədləri sırasında xüsusi vurğulana bilər.
Onu da qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyi getdikcə güclənməkdədir. Həyata keçirilən düşünülmüş xarici siyasət strategiyası ölkəmizi beynəlxalq münasibətlər sistemində müstəqil xarici siyasət həyata keçirən milli dövlət kimi etibarlı strateji tərəfdaşa çevirib.
2011-ci il oktyabrın 24-də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına 2012-2013-cü illər üçün qeyri-daimi üzvlük üçün keçirilən seçkilərdə Azərbaycan Respublikasının 155 ölkənin dəstəyini qazanaraq qalib gəlməsi həmin dövlətlər tərəfindən respublikamıza olan yüksək etimadın və inamın göstəricisidir. 20 illik müstəqillik dövründə belə böyük uğurun əldə edilməsi dövlət başçımızın yürütdüyü uğurlu xarici siyasətin məntiqi nəticəsidir. Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri arasında bu mötəbər quruma qeyri-daimi üzv seçilən ilk, bütün MDB məkanında isə ikinci ölkədir. Onu da qeyd edək ki, MDB ölkələrindən məhz Ukrayna Azərbaycandan əvvəl seçilmişdi, lakin unutmayaq ki, Ukrayna hələ 1945-ci ildən BMT-nin üzvüdür.
BMT Təhlükəsizlik Şurasına Azərbaycanın seçilməsini tarixi uğur kimi dəyərləndirən dövlət başçısı İlham Əliyev bildirmişdi ki, müstəqilliyin iyirmi illiyinə təsadüf edən bu qələbə ölkəmizin inkişafını göstərir: “Eyni zamanda, onu göstərir ki, biz erməni lobbisi tərəfindən Azərbaycan haqqında yanlış rəy formalaşmasına böyük zərbə vura bilmişik. Yəni biz o rəyi dəyişdirə bilmişik və bu gün 155 ölkə Azərbaycanı dəstəkləyir. Biz Təhlükəsizlik Şurasına üzv seçilən zaman mən demişəm ki, ədaləti, beynəlxalq hüququ müdafiə edəcəyik və ilk günlərdən bu prinsipə sadiqik. Bu gün mənim həmkarlarımla keçirilən görüşlərdə daim bu mövzu haqqında fikir mübadiləsi aparılır. Azərbaycanın ədalətli, cəsarətli mövqeyi daim vurğulanır”.
Azərbaycanın TŞ-də sədrliyi dövründə Afrika regionu üzrə Sudan və Cənubi Sudan, Konqo Demokratik Respublikası, Qvineya-Bisau, Liviya, Qərbi Afrika, Somali, Asiya regionu üzrə Əfqanıstan, Avropa üzrə BMT-nin Kosovoda Müvəqqəti İdarəçilik Missiyası (UNMİK), Bosniya və Herseqovina kimi ölkələrdə beynəlxalq sülh və təhlükəsizliyə təhdid yaradan məsələlərlə bağlı görüşlər keçirilmişdi. Bundan başqa, ölkəmiz siyasi və təhlükəsizlik baxımdan dünyanın ən qaynar regionlarından sayılan Yaxın Şərq regionu üzrə Şuranın iclas və görüşlərində iştirak etmiş, xüsusən də Fələstin, Suriya, Liviya, Livan, Yəmən və bu kimi digər məsələlərin müzakirəsində yaxından töhfəsini vermişdi. BMT TŞ-yə üzvlük ölkəmizə xüsusilə Afrika və Latın Amerikası kimi regionlarda yeni tərəfdaşlar qazandırdı, iqtisadi, siyasi, mədəni və sosial-humanitar sahələrdə yeni əməkdaşlıqlara yol açdı.
Çoxtərəfli diplomatiyamızın tərkib hissəsi kimi Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlər Şurası, ATƏT, Avropa Şurası, Qoşulmama hərəkatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər bu kimi universal və regional beynəlxalq təşkilatların üzvü olaraq bu təşkilatlar çərçivəsində də fəal iş aparır. Etiraf olunmalıdır ki, bir çox hallarda məhz Azərbaycanın təklifləri bu təşkilatlar çərçivəsində əməkdaşlığın yeni formalarının müəyyən edilməsində başlıca rol oynayır.
Çevik çoxtərəfli diplomatik fəaliyyətimizin, Azərbaycanın təşəbbüskarlığı və ev sahibliyi ilə keçirilən çoxsaylı mötəbər beynəlxalq tədbirlərin nəticəsidir ki, Bakı artıq regionun “diplomatik paytaxtı”na çevrilməkdədir.
İkitərəfli və çoxtərəfli qaydalar əsasında xarici siyasətimizin coğrafiyasının genişləndirilməsini şərtləndirən vacib amillərdən biri də Azərbaycanın iqtisadi imkanlarının artmasıdır. Bu gün regionun aparıcı dövləti olan Azərbaycan artıq investisiya qəbul edən ölkədən sərmayə yatıran ölkəyə çevrilib. Yürütdüyü çoxistiqamətli siyasət nəticəsində Azərbaycan bu gün kəsişmə nöqtəsində yerləşdiyi Xəzər, Qara və Aralıq dənizləri hövzələri, Mərkəzi Asiya, Yaxın Şərq və Avropa regionlarının siyasi-iqtisadi proseslərində, onları birləşdirən enerji, nəqliyyat layihələrində yaxından iştirak edir və bir çox hallarda bu kimi layihələrin təşəbbüskarı kimi çıxış edir. Ölkəmizin ilbəil artan iqtisadi qüdrəti bizə imkan verəcəkdir ki, regionlararası inkişaf üçün gələcəkdə də fəaliyyətimizi daha intensiv şəkildə quraq.
Sülh və təhlükəsizlik sosial-iqtisadi inkişafla bir-birinə sıx bağlıdır. Bu regional məsələlərin həllində sülh və tərəqqi təşviqi baxımdan strateji əhəmiyyət kəsb edir. Azərbaycan regionda sülh və təhlükəsizliyin möhkəm və dayanıqlı olması üçün ciddi addımlar atır və görülən işlər regionun inkişafına və dünya birliyinə inteqrasiyasına öz töhfəsini verməkdədir. Ölkəmizin təşəbbüsü ilə ərsəyə gətirilmiş Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz infrastruktur layihələri, eləcə də artıq istismara hazır olan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi, şübhəsiz ki, regionda iqtisadi, sosial inkişafa, ən əsası isə qarşılıqlı inam və faydanın üzərində qurulan uzunmüddətli əməkdaşlığa hesablanıb. Bu sırada Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq TANAP və TAP layihələri üzrə əldə edilmiş razılıqlar da qeyd olunmalıdır.
Dövlətimizin başçısı İlham Əliyevin xarici ölkələrə səfərlərinin miqyasına, iştirak etdiyi beynəlxalq tədbirlərdə müzakirə olunan məsələlərə və ölkəmizə verilən önəmə diqqət yetirdikdə Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin hansı səviyyədə olduğunu daha aydın görmək mümkündür. ABŞ-ın Baş Qərargahlar rəisi general Cozef Danfordun və Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovun bu ilin fevral ayında ilk dəfə olaraq Bakıda görüş keçirmələrini xüsusi qeyd etməliyik. Bu görüş üçün məkanın Azərbaycan seçilməsi böyük uğur, dövlətimizin həyata keçirdiyi siyasətə dəstəkdir.
Qeyd olunanlar bir daha ona dəlalət edir ki, Ulu öndər Heydər Əliyev irsinə sadiq qalaraq Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu və zəngin xarici siyasət sayəsində ötən müddət ərzində ölkəmizə xaricdən edilən təzyiqlər, hədə və təhdidlər zərərsizləşdirilmiş, Azərbaycan öz milli maraqlarına xələl gətirmədən bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında bütün xoşniyyətli tərəfdaşlar üçün unikal əməkdaşlıq məkanına çevrilmişdir. Əldə edilmiş nailiyyətlər vahid strategiya çərçivəsində ölkə rəhbərliyi tərəfindən müəyyən edilən prioritet vəzifələrə uyğun olaraq həyata keçirilən müstəqil xarici siyasətin səmərəliliyini, təsir qüvvəsinin genişliyini və tarazlılığını bir daha təsdiq edir. Eyni zamanda, əldə edilmiş nəticələr qarşımıza növbəti yeni vəzifələr qoyur və Azərbaycanın uzunmüddətli maraqlarının reallaşması baxımından yeni imkanlar açır.
Ona görə də “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğun olaraq əldə olunmuş mövqelərdən və qazanılmış diplomatik potensialdan səmərəli şəkildə istifadə etməklə ölkəmizin nüfuzunun və təsir imkanlarının daha da artırılması qarşıda duran başlıca vəzifələrdir.
Dağlıq Qarabağ münaqişəsinin həlli güclü Azərbaycan dövlətinin olmasını tələb edir
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən rasional xarici siyasət kursunun mühüm strateji istiqamətlərindən birini də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli təşkil edir. Ümumiyyətlə, Azərbaycan münaqişənin həlli ilə bağlı bütün görüşlərdə və danışıqlarda hər zaman siyasi iradə nümayiş etdirərək konfliktin nizamlanması yolunda konstruktiv fəaliyyət sərgiləyib.
Ermənistanın hərbi təcavüzü nəticəsində meydana çıxan bu münaqişə nəticəsində Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ və yeddi ətraf rayon zəbt edilib, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün həyatı yaşamağa məhkum olub. Ölkəmiz konfliktin beynəlxalq hüquq normaları əsasında, ədalətli həllinə nail olmaq məqsədilə qlobal səviyyədə genişmiqyaslı iş aparır, beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirir. 20 ilə yaxındır ki, davam edən danışıqlar müddətində ölkəmiz nəinki öz həqiqətlərini dünyaya çatdıra bilib, həm də siyasi, diplomatik, iqtisadi, hərbi sahələrdə işğalçı Ermənistan üzərində aşkar üstünlüyə nail olub. Digər sahələrdə olduğu kimi, ərazi bütövlüyü məsələsində də respublika rəhbərliyinin qətiyyətli və birmənalı mövqe sərgiləməsi bəzi xarici ermənipərəst qüvvələrin müxtəlif qərəzli niyyətlərini dəfələrlə iflasa uğradıb.
Aşkar görünür ki, dünyada baş verən mühüm geosiyasi dəyişikliklər fonunda Cənubi Qafqazdakı münaqişə ocaqlarının söndürülməmiş qalması ümumi siyasi mənzərəyə mənfi təsir göstərməklə yanaşı, bölgədə iqtisadi və siyasi maraqları olan dövlətlərin mənafelərini ciddi şəkildə təhdid edir. Münaqişənin həlli məsələsinin regional müstəvidən çıxaraq beynəlxalq səciyyə daşıması da məhz bu amillə şərtlənir.
“Biz bölgədə söz sahibiyik və bundan sonra mövqeyimiz daha da möhkəm olacaqdır”, - deyən Prezident İlham Əliyev vurğulayır ki, bu, bizim üçün əsas məsələ, milli məsələdir və bundan sonra da biz səylərimizi gücləndirəcəyik. Biz düzgün yoldayıq, biz hər gün qələbəni yaxınlaşdırırıq.
2010-cu il noyabrın 19-20-də Lissabonda keçirilmiş NATO-nun zirvə görüşünün yekun bəyannaməsində region ölkələrinin, o cümlədən Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi dəstəklənmiş, münaqişələrin məhz bu prinsiplər nəzərə alınmaqla həllinin vacibliyi vurğulanmışdı. Avropa Parlamenti tərəfindən qəbul edilmiş “Avropa İttifaqının Cənubi Qafqaz üçün strategiya ehtiyacı” adlı Qətnamədə Dağlıq Qarabağ, eləcə də onun ətrafındakı ərazilərin işğal altında olması faktı təsdiq edildi. Qətnamədə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxarılması, doğma torpaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin tezliklə öz daimi yaşayış yerlərinə qayıtması hüququnun təmin edilməsi tələb olunurdu.
Diplomatik mübarizədə qələbə qazanan Azərbaycanın hərb yolunu seçəcəyi təqdirdə də qələbəsi şəksizdir. Bunu ötən ilin aprel döyüşləri bir daha təsdiqlədi. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev Azərbaycan Ordusunun aprel qələbəsinin ildönümü ilə əlaqədar bir qrup hərbçimizlə keçirdiyi görüşdə bu məqama bir daha toxunmuşdu: “Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun, bərpa edəcəkdir”.
Aprel döyüşləri bu nəticələri şərtləndirdi: beynəlxalq aləm bir daha əmin oldu ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil, bütün region üçün ciddi təhlükə mənbəyidir. ATƏT-in Minsk qrupu həmsədrlərinin fəallaşması, beynəlxalq ictimai rəydə münaqişənin tezliklə həlli ilə bağlı tələblərin səslənməsi bunu bir daha sübut edir. Bir daha göründü ki, Azərbaycan işğal faktı, mövcud status-kvo ilə barışmaq, Ermənistanın təxribatlarına dözmək niyyətində deyil və düşmənə layiqli cavab vermək əzmi və iqtidarındadır. Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü, hər an torpaqları azad etmək iqtidarında olduğunu, habelə Azərbaycan əsgərinin vətənpərvər və qəhrəman obrazını, Azərbaycan xalqının həmrəyliyini, birliyini, hakimiyyətlə xalq arasında vəhdəti nümayiş etdirdi. Azərbaycanla bağlı “məğlub tərəf” sindromu aradan qalxdı, bu münaqişədə qalib və məğlub tərəfin olmadığı, Ermənistanın əldə etdiyi “uğur”un müvəqqəti xarakter daşıdığı təsdiqləndi və gec-tez ədalətin bərpa olunacağına əminlik artdı. Erməni təbliğat maşınının Ermənistan ordusunun gücü haqqında formalaşdırdığı mif dağıldı, bu kimi iddiaların heç bir əsası olmadığı bir daha ortaya çıxdı. Hadisələrdən dərhal sonra Ermənistan ordusunun rəhbərliyində baş vermiş çoxsaylı dəyişikliklər də bunu bir daha təsdiq edir. Ermənistan cəmiyyətində gərginlik artdı, xalqla hakimiyyət arasında uçurum daha da dərinləşdi. Ümumilikdə, aprel döyüşləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində yeni vəziyyətin yaranmasına və ölkəmizin böyük üstünlük qazanmasına səbəb oldu.
Lider
Prezident İlham Əliyev Azərbaycan dövlətinin rəhbərliyinə təkcə Ümummilli liderin varisi, davamçısı, Onun məktəbinin ardıcılı kimi yox, həm də yenilikçi - yeni zamanın yeni lideri olaraq gəlmişdi. Ötən illərin nəticəsi göstərdi ki, məhz cənab İlham Əliyevin liderlik keyfiyyətləri, siyasi iradəsi və uzaqgörənliyi sayəsində ölkəmizdə dövlətçiliyin əsaslarının möhkəmləndirilməsinə istiqamətlənmiş uğurlu fəaliyyətin səmərəli nəticələri olmuşdur. O, idarəçiliyin elə demokratik və optimal yolunu seçib ki, hər bir zəkalı ölkə vətəndaşının dövlətçiliyin inkişafında yeri var. Və dövlət quruculuğunda bu yer hər kəsin məhz vətənpərvərliyinə, biliyinə, sağlam düşüncəsinə, qabiliyyətinə görə müəyyənləşir.
Müasir və dinamik inkişaf edən cəmiyyətdə lider obrazının ən vacib keyfiyyətlərini Özündə birləşdirməklə cənab İlham Əliyev xarizmatik lider kimi siyasi nüfuzundan və təsir imkanlarından uğurla faydalanaraq, sosial-iqtisadi inkişafın təminatına yönəlmiş fəaliyyəti və bacarıqları, natiqlik və ünsiyyətcillik məharətilə də daim öndədir.
Ölkəmizin Cənubi Qafqaz regionundakı əhəmiyyətli ərazi, geostrateji və geoiqtisadi üstünlüklərindən maksimum yararlanan Prezident İlham Əliyev diplomatik fəaliyyəti sayəsində hər bir mərhələ üçün qarşıda duran hədəfləri düzgün müəyyənləşdirməyi bacarıb və siyasi-iqtisadi sabitliyin möhkəmlənməsinə şərait yaradıb. Respublikada hökm sürən sabitliyin möhkəmlənməsini inkişaf üçün başlıca şərt hesab edən dövlət başçısının dediyi kimi, “möhkəm təhlükəsizlik sistemi, ictimai-siyasi sabitlik olmadan heç bir ölkədə inkişaf mümkün deyil”. Buna görə də Prezident İlham Əliyev daim bu prinsipi tam yetkin formada möhkəmləndirərək Azərbaycanın regionda ən stabil dövlət olmasını isbatlamaqdadır.
 
Mübariz QURBANLI,
Dini Qurumlarla İş üzrə Dövlət  Komitəsinin sədri,
Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini

"Yeni Azərbaycan" qəzeti
18.10.2017-ci il