Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
16.12.2016

Yasamalda “Dini radikalizm və ekstremizmlə mübarizə” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib

Dekabrın 16-da  Prezident cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Yasamal rayonu “Qasımbəy” Cümə məscidi dini icması tərəfindən “Dini radikalizm və ekstremizmlə mübarizə” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib.
Yasamal rayonu “Qasımbəy” Cümə məscidində keçirilən tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev, Komitənin Dini qurumlarla iş üzrə şöbəsinin baş məsləhətçisi Anar Əliyev, “Qasımbəy” Cümə məscidi dini icmasının sədri və axundu Məmmədrza Hüseynzadə, məscidin axund müavini Samir Ağayev, dindarlar, ziyalılar və gənclər iştirak ediblər.
“Qasımbəy” Cümə məscidi dini icmasının sədri və axundu Məmmədrza Hüseynzadə multikultural  və tolerant dəyərlərdən, dövlətimizin dinə və dindarlara qayğısından, dini radikalizm və ekstremizmə qarşı mübarizə yollarından, dini radikal qrupların Yaxın Şərqdə, ümumiyyətlə müsəlman ölkələrində törətdiyi vəhşiliklərdən  söhbət açıb. 
Tədbirdə çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev dini radikalizm və ekstremizmin fəsadları, onunla mübarizə metodları ilə bağlı məruzə ilə çıxış edib. C.Əliyev ölkəmizdəki dini müstəvidə sabitlik və əmin-amanlığın bundan sonra da dövlətimiz üçün siyasi baxımdan prioritet məsələ olduğunu vurğulayaraq, cəmiyyətimizin, xüsusilə, gənclərin radikal təsirlərdən qorunmasında vətəndaşlarımızın üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib.
Daha sonra “Qasımbəy” Cümə məscidinin axund müavini Samir Ağayev və başqaları mövzu ilə bağlı öz fikirlərini bildiriblər.