Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
04.11.2016

Yasamal rayonunda “Uşaqların mənəvi-əxlaqi tərbiyəsində cəmiyyətin rolu” mövzusunda tədbir keçirilib

Noyabrın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin təşkilatçılığı ilə Yasamal rayonu 268 saylı tam orta məktəbində “Uşaq hüquqları aylığı” çərçivəsində  “Uşaqların mənəvi-əxlaqi tərbiyəsində cəmiyyətin rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Aslan Sultanov, Fidan Aslanova, Yasamal Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Vaqif Məmmədov və məktəbin direktoru Samir Mehdizadə iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin böyük məsləhətçisi Aslan Sultanov ölkəmizdə uşaq hüquqlarının müdafiəsi məqsədi ilə qəbul olunmuş mühüm qanun və proqramlardan, dünyada uşaqların yaşaması, inkişafı üçün zəruri olan minimum standartları müəyyən edən BMT-nin Uşaq Hüquqları Konvensiyasının əhəmiyyətindən danışıb. A.Sultanov uşaqların hüquqlarının qorunması istiqamətində həyata keçirilən mühüm tədbirləri, onlara göstərilən xüsusi diqqət və qayğının təzahür formalarını, uşaqların milli dəyərlər əsasında düzgün tərbiyə olunması və sağlam mühitdə yetişməsi üçün dövlət səviyyəsində görülən işləri qeyd edib.
Tədbirdə Yasamal RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Vaqif Məmmədov uşaq hüquqlarının qorunması və onların milli-mənəvi ruhda tərbiyə edilməsinin əhəmiyyətindən, uşaqların hüquqlarının müdafiəsi məqsədilə yaradılmış dövlət qurumlarının nümunəvi fəaliyyətindən danışıb. O həmçinin, 2016-cı ilin Multikulturalizm ili olmasını xatırladaraq, ölkəmizdəki tolerant mühitin uşaqların mənəvi-əxlaqi tərbiyəsi üçün gözəl nümunə olduğunu ifadə edib.
Məktəbin direktoru Samir Mehdizadə çıxışında uşaqların təhsil alması, mədəni-kütləvi tədbirlərdə iştirakları, öz potensiallarını göstərmək üçün yaradılan sağlam şəraitin onların inkişaf, yaşam və iştirak v.s hüquqlarının təmini forması olduğunu diqqətə çatdırıb.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin məsləhətçisi Fidan Aslanova bu gün  ölkəmizdə aparılan islahatların hər birinin cəmiyyətin mühüm bir parçası olan uşaqların sağlam, məsuliyyətli vətəndaş kimi formalaşmasına əhəmiyyətli təsir göstərdiyini qeyd edib.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.