13.03.2017
Yasamal rayonunda maarifləndirici tədbir keçirilib
Martın 13-də Azərbaycan Respublikası Prezidentinin 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması barədə Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən birgə imzalanmış “Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafi, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” Fəaliyyət Planına uyğun olaraq, Yasamal rayonunda yerləşən 18 saylı tam orta məktəbdə maarifləndirici tədbir keçirilib.
“İslam həmrəyliyi milli-mənəvi dəyərlərimizin tərkib hissəsidir” mövzusunda keçirilən tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev, şöbənin baş məsləhətçisi Faiq Ələkbərov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin məktəbdənkənar fəaliyyətin təşkili sektorunun aparıcı məsləhətçisi Rövşən Əliyev, Yasamal Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Vaqif Məmmədov, məktəbin direktoru Rəna Süleymanova, eləcə də müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru R.Süleymanova təhsil müəssisələrində həyata keçirilən maarifləndirmə tədbirlərinə görə təşkilatçılara öz minnətdarlığını bildirib.
Daha sonra Dövlət Komitəsi tərəfindən hazırlanan “Fitnə” sənədli filmi nümayiş edilib.
Filmin nümayişindən sonra geniş məruzə ilə çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini C.Əliyev İslam Həmrəyliyinin dini radikalizm və ekstremizmə qarşı mübarizədə böyük əhəmiyyət kəsb etdiyini dinləyicilərin diqqətinə çatdırıb. Ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə olduğunu bildirən natiq məktəblilərin düzgün istiqamətdə dini maarifləndirməsinin prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb.
Bakı şəhəri üzrə Təhsil İdarəsinin məktəbdənkənar fəaliyyətin təşkili sektorunun aparıcı məsləhətçisi R.Əliyev məktəblilərin milli-mənəvi dəyərlərə sadiq və vətənpərvərlik ruhunda tərbiyə edilməsinin vacibliyini qeyd edib.
Tədbirin sonunda mövzu ilə bağlı suallar cavablandırılıb.