26.12.2016
Yardımlıda “Milli-mənəvi dəyərlərimiz və gənclik” mövzusunda tədbir olub
Prezident İlham Əliyevin 27 noyabr 2014-cü il tarixli Sərəncamına əsasən, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə yardımı almış Yardımlı rayonu Çayüzü kənd məscidi dini icması dekabrın 26-da “Gənclərimizin radikal dini cərəyanlardan qorunması” adlı layihə çərçivəsində “Milli-mənəvi dəyərlərimiz və gənclik” mövzusunda tədbir keçirib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin məsləhətçisi Elvin Hüseynli, Yardımlı Rayon İcra Hakimiyyəti başçısı Aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının məsul katibi Kərəm Hüseynov, Çayüzü kənd məscidi dini icmasının sədri Əli Orucov, dindarlar, gənclər, ziyalılar və ağsaqqallar iştirak ediblər.
Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin məsləhətçisi Elvin Hüseynli layihə çərçivəsində sağlam dini biliklərə söykənən maarifləndirmə işinin aparılmasının dövrün tələbi olduğunu bildirib. Qeyd edib ki, gənc nəslin radikal dini cərəyanlardan qorunması, milli-mənəvi dəyərlərimizə hörmətlə yanaşılması, gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması, müasir və sağlam düşüncəli gənclərin yetişdirilməsi hər kəsin vətəndaşlıq borcudur.
Çayüzü kənd məscidi dini icmasının sədri Əli Orucov, Yardımlı RİH başçısı Aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının məsul katibi Kərəm Hüseynov, dindar Salman Hüseynov, müəllim Zaur Həsənov və başqaları çıxışlarında milli-mənəvi dəyərlətimizə sahib çıxmaq üçün kompleks tədbirlərin həyata keçirilməli olduğunu vurğulayıblar.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və dini maarifləndirmə məqsədi ilə hazırlanmış broşüralar paylanılıb.