30.06.2017
Yardımlıda “İslam sülh və mədəniyyət dinidir” mövzusunda maarifləndirmə tədbiri keçirilib
Prezident İlham Əliyevin 27 noyabr 2014-cü il tarixdə imzaladığı Sərəncama əsasən, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndərmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə vəsaiti hesabına iyunun 30-da Yardımlı rayonu Avaş kəndi “İmam Museyi Kazım” məscidi dini icmasında “Radikal meyillərə qarşı mübarizədə dindarların rolu” adlı layihə çərçivəsində “İslam sülh və mədəniyyət dinidir” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov və şöbənin əməkdaşı Elvin Hüseynli, DTX-nin Yardımlı rayon şöbəsinin əməkdaşı, Yardımlı rayon Gənclər və İdman İdarəsinin rəis müavini Rövşən Süleymanov, Avaş kənd “İmam Museyi Kazım” məscidi dini icmasının sədri Fikrət Fərziyev, ağsaqqallar, icma üzvləri və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov İslamın sülh və qardaşlıq dini olmasından, ölkə rəhbərinin islami dəyərlərə verdiyi önəm və bu münasibətlə bu ilin “İslam Həmrəyliyi İli” elan edilməsinin mahiyyətindən, Azərbaycanın dünyada multikultural, tolerantlıq və birgəyaşayış dəyərlərini yaşadan ölkə olmasından danışıb.
DTX-nin Yardımlı rayon şöbəsinin əməkdaşı tədbirin keçirildiyi məkanın sərhəd bölgəsində yerləşməsini diqqətə çatdıraraq, ərazidəki əhalini, xüsusən də gəncləri islami dəyərlərimizə sahib duraraq ona kənar müdaxilələrin edilməsinin yolverilməz olduğunu, gənclərin milli vətənpərvərlik ruhunda tərbiyəsini yüksəltmə istiqamətində aparılmasının vacib olduğunu deyib.
Yardımlı rayon Gənclər və İdman İdarəsinin rəis müavini Rövşən Süleymanov, şöbənin əməkdaşı Elvin Hüseynli, Avaş kənd “İmam Museyi Kazım” məscidi dini icmasının sədri Fikrət Fərziyev çıxışlarında İslamın sülh, mədəniyyətlərarası dialoq və qardaşlıq prinsiplərindən danışıblar.
Sonda iştirakçılara Dövlət Komitəsinin nəşri olan dini təyinatlı çap materialları paylanılıb.