Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
19.12.2016

Yardımlıda “Gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılmasında ağsaqqalların və ziyalıların rolu” mövzusunda tədbir keçirilib

Dekabrın 19-da Prezident İlham Əliyevin dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə 27 noyabr 2014-cü il tarixli Sərəncamına əsasən maliyyə yardımı almış Yardımlı rayonu Çayüzü kənd məscidi dini icması tərəfindən “Gənclərimizin radikal dini cərəyanlardan qorunması” adlı layihə çərçivəsində “Gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılmasında ağsaqqalların və ziyalıların rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin Hüseynli, Yardımlı Rayon İcra Hakimiyyəti (RİH) başçısının Çayüzü ərazi nümayəndəsi Elvin Cəbiyev, Çayüzü kənd məscidi dini icmasının sədri Əli Orucov, ziyalılar, dini icma üzvləri, dindarlar, gənclər və ağsaqqallar iştirak ediblər.
DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin məsləhətçisi Elvin Hüseynli layihə barədə danışarkən gənclərimizin zərərli vərdişlərdən və radikal təsirlərdən qorunmasında ağsaqqalların və ziyalıların rolunu vurğulayıb. Natiq zərərli vərdişlərə qarşı birgə mübarizənin əhəmiyyətini, bu sahədə maarifləndirmənin zəruriliyini xüsusi qeyd edib.
Çayüzü kənd məscidi dini icmasının sədri Əli Orucov, Yardımlı RİH başçısının Çayüzü ərazi nümayəndəsi Elvin Cəbiyev, kənd ağsaqqalı Həmzəxan Mahmudov və başqaları çıxışlarında Azərbaycan dövlətinin radikalizmə qarşı qətiyyətlə mübarizə apardığını diqqətə çatdıraraq həm bu, həm də gənclərimizin zərərli vərdişlərdən qorunması sahəsində DQİDK-nın həyata keçirdiyi genişmiqyaslı tədbirləri yüksək qiymətləndiriblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və dini maarifləndirmə məqsədi ilə hazırlanmış broşüralar paylanılıb.