Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
29.07.2015

Yardımlıda “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda iki günlük regional konfrans başa çatıb

İyulun 29-da konfrans öz işini panellər formatında davam etdirib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlının moderatorluğu ilə “Ənənəvi dini dəyərlərimiz və gənclik” mövzusunda keçirilən plenar iclasda Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Komitənin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, eləcə də rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər.
Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov  “Milli-mənəvi dəyərlərimiz və müasir gənclik” mövsuzunda çıxış edərək, bu sahədə Azərbaycan hökumətinin, o cümlədən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin həyata keçirdiyi tədbirlərdən danışıb. Sədr müavini bildirib ki, bu sahədə gənclərimizin üzərinə böyük məsuliyyət və vəzifə düşür. Bu vəzifəni uğurla yerinə yetirmələri üçün gənclərimiz dinlər, xüsusilə İslam dini ilə bağlı kifayət qədər məlumatlı olmalıdırlar. Gündüz İsmayılovun fikrincə, gənclər həm zərərli ideoloji cərəyanlardan özlərini qorumalı, həm də  onlara qarşı mübarizə aparmalıdırlar.
Daha sonra Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov mövzu ilə bağlı çıxış edib. Şöbə müdiri gənclər arasında dini maariflənmənin gücləndirilməsinin vacibliyini vurğulayaraq, bu sahədə bölgələrdə dini maarifçilik işlərinin daha da inkişaf etdirildiyini, gənclər arasında dini savadlılığın artırılması istiqamətində tədbirlər görüldüyünü deyib.