30.10.2017
Yardımlıda “Dinimiz və uşaq hüquqları” mövzusunda tədbir keçirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi və Yardımlı Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Uşaq hüquqları aylığı” çərçivəsində oktyabrın 30-da rayon Heydər Əliyev Mərkəzində “Dinimiz və uşaq hüquqları” adlı tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin Hüseynli, Yardımlı Rayon Heydər Əliyev Mərkəzinin direktor əvəzi Aqil Ağayev, Rayon Polis Şöbəsinin rəis müavini Davud Novruzov, Dövlət Təhlükəsizliyi Xidmətinin Yardımlı rayon şöbəsinin nümayəndəsi və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin Hüseynli ölkəmizdə uşaq hüquqlarının qorunması sahəsində aparılan genişmiqyaslı tədbirlərdən söhbət açıb. Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda əhalinin müxtəlif qruplarının, o cümlədən uşaqların hüquqlarının müdafiəsi ilə bağlı müddəalar təsbit olunub və uğurla həyata keçirilir.
Yardımlı Rayon Heydər Əliyev Mərkəzinin direktor əvəzi Aqil Ağayev, Yardımlı Rayon Polis Şöbəsinin rəis müavini Davud Novruzov da mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Tədbirdə DQİDK-nın sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.