26.10.2017
Xızıda “Şəhadət” sənədli filmi nümayiş olunub
Oktyabrın 26-da Xızı rayon Cabir Novruz adına Sitalçay 1 saylı tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sifarişi əsasında çəkilən “Şəhadət” sənədli filmi nümayiş olunub.
Tədbirdə məktəbin direktoru Fəxrəddin Dostməmmədov, DQİDK-nın əməkdaşı Abdulla Hüseynov, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Fəxrəddin Dostməmmədov bildirib ki, müstəqillik və suverenliyimizin qorunması milli-mənəvi dəyərlərimizə sadiq gənc nəslin formalaşmasından asılıdır. Direktor aparılan maarifləndirmə işini yüksək qiymətləndirib və DQİDK-nın sifarişi əsasında çəkilən ”Şəhadət” filminin gəncləri zərərli dini düşüncələrin fəsadlarından qorumaq baxımından əhəmiyyətli olduğunu qeyd edib.
DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Abdulla Hüseynov “Şəhadət” sənədli filminin əhəmiyyətindən danışaraq qeyd edib ki, film dini radikalizmə və eksterizmə qarşı mübarizə istiqamətində çəkilib və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük əhəmiyyətə malikdir. Dövlət-din münasibətləri, mövcud dini durum və dövlətin dinə qayğısından bəhs edən A.Hüseynov milli-mənəvi dəyərlərimizin qorunmasında yeniyetmə və gənclərin üzərinə mühüm vəzifələr düşdüyünü qeyd edib.
Filmin nümayişindən sonra dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.