Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
30.09.2016

Xızı rayonunda “Dünyəvi dövlətdə din: Azərbaycan modeli” mövzusunda tədbir keçirilib

Sentyabrın 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Xızı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Xızı şəhərində “Dünyəvi dövlətdə din: Azərbaycan modeli” mövzusunda tədbir keçirilib. Tədbirdə Xızı rayonu İcra  Hakimiyyəti başçısının müavini Jalə Süleymanova, DQİDK-nın Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova, Maliyyə-təsərrüfat şöbəsinin müdiri Oqtay Hüseynov, Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov, Sumqayıt bölgəsi üzrə şöbənin müdiri Şirin Cəfərov, həmin şöbənin aparıcı məsləhətçisi Ülvi Məmmədov, gənclər, şəhər ziyalıları, dindarlar,  ağsaqqallar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Xızı rayonu İcra Hakimiyyəti başçısının müavini Jalə Süleymanova Azərbaycan Respublikasında 2016-cı ilin “Multikulturalizm ili” olduğunu diqqətə çatdıraraq,  bu istiqamətdə Xızı rayonunda həyata keçirilən işlər barədə məlumat verib.
Tədbirdə DQİDK-nın Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova məruzə ilə çıxış edib. Azərbaycanın müsəlman ölkəsi olaraq dövlət-din münasibətləri baxımından bütün dünya dövlətləri üçün nümunə olduğunu söyləyən Elnarə Kərimova Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi, ölkə vətəndaşlarının, xüsusən gənclərin zərərli dini cərəyanların təsiri altına düşməsinin, din adı altında milli və dövlət maraqlarımıza zidd, milli-mənəvi dəyərlərimizə yad ideoloji təlimlərin yayılmasının qarşısının alınması üçün dövlətin həyata keçirdiyi tədbirləri diqqətə çatdırıb.
DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov çıxışında bildirib ki, Azərbaycanda min illərdir multikultural cəmiyyət mövcuddur. Ölkəmizdə bütün dini azlıqların hüquqları qorunur. Dövlət və dini icmalar arasında münasibətlər yüksək səviyyədə qurulub, qarşılıqlı əlaqələr qanun çərçivəsində inkişaf etdirilir, maarifləndirmə işi geniş miqyasda aparılır, müxtəlif dini konfessiyalar arasında sıx əməkdaşlıq mühiti vardır.
Sumqayıt bölgəsi üzrə şöbənin aparıcı məsləhətçisi Ülvi Məmmədov çıxışında dünyəvi və teokratik dövlət quruluşlarını müqayisəli təhlil edib. O, dinin siyasiləşdirilməsinin mənfi təzahürlərini diqqətə çatdıraraq, bunun qətiyyən yolverilməz olduğunu bildirib.
Xızı rayonu Uşaq Yaradıcılıq Mərkəzinin direktoru İman Ağayev isə öz çıxışında Azərbaycanda müxtəlif din mənsublarının birgə qardaşlıq və mehribanlıq şəraitində yaşadıqlarını söyləyərək, bu mühitin qorunması üçün hər bir şəxsin, xüsusilə gənclərin üzərinə düşən vəzifələrdən bəhs edib.
Daha sonra mövzu ilə əlaqədar tədbir iştirakçılarının sualları cavablandırılıb.