Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
21.12.2017

Xızı məktəblilərinə “Şəhadət” sənədli filmi nümayiş etdirilib

Dekabrın 21-də Xızı rayon Rafiq İsmayılov adına  Xızı şəhər tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş olunub.
Tədbirdə DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Abdulla Hüseynov, Rafiq İsmayılov adına Xızı şəhər tam orta məktəbinin direktoru Fazil Məmmədov, Xızı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Mövlan Rüstəmli, eləcə də müəllim və şagirdlər iştirak ediblər.
Məktəbin direktoru Fazil Məmmədov bildirib ki, ölkəmizin müstəqilliyinin və suverenliyinin qorunması elmi, dünyagörüşü zəngin olan gənclərimizdən asılıdır. Natiq bu istiqamətdə görülən maarifləndirici tədbirlərin təşkilini yüksək qiymətləndirib. Belə tədbirlərin gəncləri radikal dini düşüncələrdən və zərərli vərdişlərdən qorumaq baxımından əhəmiyyətli olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb.
DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Abdulla Hüseynov 2017-ci ilin Prezident İlham Əliyev tərəfindən “İslam Həmrəyliyi İli” elan olunduğunu bildirib. O, həmçinin dini radikalizm və ekstremizmin mahiyyəti və onlara qarşı mübarizə metodlarından da danışıb. “Şəhadət” sənədli filmindən də bəhs edən natiq qeyd edib ki, bu film gənclərə vətənpərvərlik hissləri aşılayır, onların dini radikalizmə qarşı mübarizə istiqamətində maariflənməsində mühüm rol oynayır.
Xızı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Mövlan Rüstəmli bildirib ki, ürəyində Vətən sevgisi olan heç bir azərbaycanlının işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda mübarizənin davam etdiyi bir dövrdə başqa ölkələrdə radikal qruplara və qanunsuz silahlı birləşmələrə qoşulmağa mənəvi haqqı yoxdur.
Daha sonra “Şəhadət” sənədli filmi nümayiş etdirilib və tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.