26.08.2016
Xırdalanda dövlət-din münasibətlərinə həsr olunmuş tədbir keçirilib
Avqustun 25-də Xırdalan şəhəri Mədəniyyət Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Abşeron Rayon İcra Hakimiyyəti və “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Dövlət-din münasibətlərinin Azərbaycan modeli: Gənclərin qarşısında duran vəzifələr” layihəsi çərçivəsində tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Abşeron Rayon İcra Hakimiyyəti başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Vüqar Bəşirov ölkəmizdə dövlət-din münasibətlərinin formalaşmasından, dövlətin din siyasətindən, bu istiqamətdə qəbul edilmiş qanunvericilik aktlarından danışıb. Azərbaycanın demokratik, hüquqi, unitar, dünyəvi respublika olduğunu diqqətə çatdıran V.Bəşirov bütün dinlərin qanun qarşısında bərabər olduğunu, təhsilimizin dünyəvi xarakter daşıdığını diqqətə çatdırıb.
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov dövlət-din münasibətlərinin tənzimlənməsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin gördüyü işlərdən, dünyəvi dövlətlərdə dinin dövlət işlərinə qarışmasının törətdiyi fəsadlardan bəhs edib və bununla bağlı konkret nümunələr göstərib. İctimai Birliyin digər nümayəndəsi, jurnalist Seymur Verdizadə mövzu ilə bağlı ətraflı çıxış edərək tolerantlığın bizə ata-babalarımızdan miras qaldığını və bu ənənənin müasir dövrdə həm cəmiyyətimiz, həm də dövlətimiz tərəfindən qorunaraq davam etdirildiyini diqqətə çatdırıb. Sabitliyi pozmağa cəhd göstərən, buna meyilli olan şəxslərə, ilk növbədə, elə cəmiyyətin özünün sərt cavab verdiyini vurğulayan natiq qeyd edib ki, firavan, müstəqil vətənimizi qorumaq hamımızın borcudur.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin məsləhətçisi Şahlar Məmmədov isə dövlətin bu sahədə gördüyü işlərdən, yürütdiyi ardıcıl və səmərəli siyasətdən danışıb. O, həmçinin, bu məsələdə dövlətlə yanaşı, cəmiyyətin hər bir üzvünün fəal iştirakının zəruri, vətəndaşlıq və insanlıq borcu olduğunu deyib.
Daha sonra çıxış edən Abşeron rayon Güzdək qəsəbəsi “Rəsulullah” məscidinin axundu Mirkazım Kazımlı və Masazır qəsəbəsinin icra nümayəndəsinin müavini Fəxrəddin Hacıbəyli də mövzu ilə bağlı fikirlərini bölüşüblər.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)