22.11.2017
Xırdalan məktəblilərinə "Şəhadət" sənədli filmi nümayiş olunub
Noyabrın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Abşeron rayonu Xırdalan şəhəri 2 saylı tam orta məktəbində “Şəhadət” sənədli filminin nümayişi olub. Tədbirdə DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşları Orxan Axundov, Şahlar Məmmədov, məktəbin direktoru Ədalət Camalova, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Ədalət Camalova gənclərin zərərli dini qruplardan qorunmasında təhsilin vacibliyini vurğulayıb. O qeyd edib ki, belə maarifləndirici tədbirlərin keçirilməsi şagirdlərdə məntiqi təfəkkürün və sağlam iradənin formalaşmasına müsbət təsir edir.
Daha sonra çıxış edən DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Orxan Axundov ölkəmizdə zərərli dini cərəyanların inkişaf tarixi, yayılma və təbliğat vasitələri haqqında ətraflı məlumat verib.
Natiq sənədli film haqqında da məlumat verərək qeyd edib ki, Dövlət Komitəsinin sifarişi ilə çəkilən “Şəhadət” sənədli filmində Vətən uğrunda şəhadətə qovuşmuş qəhrəmanlarla yanaşı, dini fanatizmin və radikalizmin təsirinə məruz qalmış, bir sıra xarici ölkələrdəki ekstremist-terrorçu silahlı birləşmələrin tərkibində döyüşmüş şəxslərdən bəhs edilir.