Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
03.11.2016

Xırdalan məktəblilərinə “Fitnə” sənədli filmi nümayiş etdirilib

Noyabrın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Abşeron rayonu Xırdalan şəhəri 1 nömrəli tam orta məktəbdə “Fitnə” sənədli filmi nümayiş etdirilib.
Tədbirdə Abşeron Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Vüqar Bəşirov, DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşları Orxan Axundov, İsmayıl Cəfərov, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin müəlliməsi Reyhan Adıgözəlova gənclərin zərərli dini cərəyanların təsirindən qorunmasında təhsilin vacibliyini vurğulayıb. O qeyd edib ki, belə maarifləndirici tədbirlər milli-mənəvi dəyərlərimizin təbliğində mühüm rol oynayır.
Daha sonra çıxış edən DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Orxan Axundov xüsusilə gənclərin radikal dini cərəyanların təsiri altına düşməməsi və bu istiqamətdə məlumatlandırılması üçün faktlar əsasında çəkilən filmin önəmindən bəhs edib. O bildirib ki, radikal dini qrupları, eləcə də bu qruplara qoşulan gəncləri yalnız maarifləndirmə yolu ilə, İslamın buyurduğu həqiqətləri çatdırmaqla zərərsizləşdirmək mümkündür.
Sonda film ətrafında müəllim və şagirdlərin sualları cavablandırılıb.