Xəzər rayonunda maarifləndirmə tədbiri baş tutub
Noyabrın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Xəzər rayonu Zirə qəsəbəsi dini icmasının birgə təşkilatçılığı ilə “Azərbaycan multikultural və tolerantlıq nümunəsi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov, şöbənin əməkdaşı Ziyad Məmmədbəyli, Xəzər Rayon İcra Hakimiyyəti başçısının Zirə qəsəbəsi üzrə nümayəndəsi Rasim Hüseynov, Zirə məscidinin din xadimi Qədir Nəcəfov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda Azərbaycanın bu gün güclü dövlət quruculuğu istiqamətində möhkəm dayaqlar üzərində irəlilədiyi vurğulanıb. Qeyd olunub ki, Ümummilli Liderimizin hakimiyyətə yenidən qayıdışından sonra ölkədə dini fəaliyyət sahəsində sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində gördüyü böyük işlər görülüb. Bildirilib ki, xalqımız hər zaman öz milli adət-ənənələrinə sadiq qalıb və qardaşlıq prinsiplərini yaşadıb. Azərbaycanda mövcud olan dini dözümlülük və tolerantlığın, dinə münasibətdə dövlət siyasəti kimi səciyyələndiyi diqqətə çatdırılıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.



