20.10.2016
Xətai rayonunda "Dini ekstremizm və fəsadları" mövzusu müzakirə edilib
Oktyabrın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Xətai rayonundakı 265 saylı tam orta məktəbdə "Dini ekstremizm və fəsadları" mövzusunda tədbir keçirilib.
Tədbirdə Xətai Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, şöbə müdirinin müavini Məhəmməd İbrahimov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Vasif Musayev, hüquq-mühafizə orqanlarının əməkdaşları, Günəşli qəsəbəsi “Mirtağı” məscidinin dini icma sədri Mircəfər Nəsirov, Əhmədli qəsəbə məscidinin dini icma sədri Murad Cəfərov, ziyalılar, müəllim və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov Azərbaycanda milli-mənəvi dəyərlərə verilən önəmdən və dinimizə dövlət səviyyəsində olan qayğıdan söz açıb. O, ölkəmizdə hökm sürən tolerant mühiti pozmağa çalışan bəzi neqativ, yad ideologiyaların təsirlərinə məruz qalmış şəxslərin radikal fəaliyyətini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirdə çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Vasif Musayev dövlət-din münasibətlərinin inkişafı ilə bağlı son illər həyata keçirilən tədbirlərdən söhbət açıb, milli-mənəvi dəyərlərimizin qorunmasında yeniyetmə və gənclərimizin üzərinə düşən mühüm vəzifələri qeyd edib.
Tədbir məruzələrlə davam edib.