Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
24.01.2017

Xətai rayonunda “Multikulturalizm Azərbaycanda həyat tərzidir” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib

Yanvarın 24-də  Prezident cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Xətai rayonu “Mirtağı” məscidi dini icması tərəfindən “Multikulturalizm Azərbaycanda həyat tərzidir” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı, Xətai Rayon İcra Hakimiyyətinin əməkdaşları, “Mirtağı” məscidi dini icmasının sədri, məscidin axundu, dindarlar, ziyalılar və ağsaqqallar iştirak ediblər.
Tədbirdə çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Vasif Musayev multikulturalizmin Azərbaycan modelindən, müxtəlif millətlərin, dinlərin təmsilçilərinin öz identikliklərini qorumaqla və digərinə hörmətlə yanaşmaqla birgəyaşayışa necə nail olduqlarını ifadə edən məruzə ilə çıxış edib. V.Musayev multikulturalizmi fərqlilikləri assimilyasiya etməyə çalışan ideologiya deyil, əsrlər boyu davam edən gündəlik həyat tərzi və bəşəriyyətin gələcək inkişafı üçün əsas yol olaraq diqqətə çatdırıb.
Tədbirdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov Azərbaycanın İslam aləmində çox böyük hörmətə malik olduğunu, Prezident cənab İlham Əliyev tərəfindən 2017-ci ilin “İslam həmrəyliyi ili” elan olunmasının olduqca əhəmiyyətli, zamanın çağırışlarına cavab verən mühüm bir addım olduğunu qeyd edib.
Daha sonra Xətai RİH-nin şöbə müdirinin müavini, dini qurumlarla işin təşkilatçısı Məhəmməd İbrahimov, “Mirtağı” məscidi dini icmasının sədri Hacı Mircəfər Nəsirov, məscidin axundu Hacısəlim Kərimov və başqalarının “Multikulturalizm Azərbaycanda həyat tərzidir” mövzusu ətrafında çıxışları dinlənilib.
Tədbirin yekununda dinləyiciləri maraqlandıran suallar cavablandırılıb və layihə çərçivəsində nəşr olunan dini ədəbiyyat paylanılıb.